ABŞ administrasiyası Braziliyadan ölkəyə idxal olunan malların böyük hissəsinə 25 faiz gömrük rüsumu tətbiq etmək qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
"Bu gün ABŞ Prezidenti Donald Tramp ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsinə Braziliyadan idxal olunan malların əksəriyyətinə 25 faiz gömrük rüsumu tətbiq edilməsi barədə göstəriş verib", – deyə Rubio "X" sosial şəbəkəsində paylaşım edib.
Bu qərarın səbəblərinə toxunan Rubio bildirib ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın rəhbərlik etdiyi hökumət ABŞ ilə danışıqları "vicdanlı və səmimi şəkildə" aparmayıb.
Dövlət katibinin sözlərinə görə, Lula da Silvanın iqtisadi siyasəti həm amerikalıların, həm də braziliyalıların maraqlarına zərər vurur.
"Son bir il ərzində Lula da Silva Braziliya xalqının rifahı naminə razılaşma əldə etmək əvəzinə şəxsi ambisiyalarını üstün tutub. Tətbiq edilən bu rüsumlar da bunun qarşılığıdır", – deyə Rubio vurğulayıb.
Bizimyol.info






