Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması əslində Qara dənizdə davam edən geosiyasi güc mübarizəsinin yeni mərhələsini əks etdirir. Moskvanın Türkiyədən "sərt mesaj" gözləməsi həm Ankaranın regiondakı açar rolunu, həm də Rusiya-Türkiyə münasibətlərində qorunan incə balansın növbəti dəfə sınağa çəkildiyini göstərir.
Bu fikirləri Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay deyib.
Onun sözlərinə görə, Rusiyanın bu addımını Türkiyəni müharibənin birbaşa tərəfinə çevirmək cəhdi kimi qiymətləndirmək düzgün olmaz.
"Burada əsas məqsəd Türkiyəni Rusiyanın təhlükəsizlik narahatlıqları ətrafında daha çox dəstək verən mövqeyə yaxınlaşdırmaqdır. Moskva hesab edir ki, Qara dənizdə baş verən hadisələr artıq təkcə Rusiya-Ukrayna müharibəsinin tərkib hissəsi deyil, həm də regional təhlükəsizlik məsələsinə çevrilib. Bu səbəbdən Ankara kimi mühüm regional gücün mövqeyi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır."
Hasan Oktay bildirib ki, Moskva xüsusilə enerji və infrastruktur təhlükəsizliyi baxımından ciddi narahatlıq keçirir.
"Türk Axını və Mavi Axın kimi strateji enerji xətlərinə qarşı mümkün hücum ehtimalı Rusiya tərəfindən həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından birbaşa təhdid kimi qiymətləndirilir. Bu baxımdan Rusiyanın Türkiyəyə ünvanladığı çağırış əslində enerji marşrutlarının qorunmasına dair həm dəstək, həm də diplomatik təzyiq xarakteri daşıyır."
Ekspert hesab edir ki, Moskvanın digər məqsədi Ukraynanı diplomatik baxımdan daha da təcrid etməkdir.
"Rusiya istəyir ki, Türkiyə kimi regionun əsas oyunçularından biri Ukraynanın Qara dənizdə həyata keçirdiyi əməliyyatlarla bağlı narahatlığını açıq şəkildə ifadə etsin. Bu, eyni zamanda Ankaranın indiyədək qoruduğu neytral vasitəçi mövqeyini də Rusiyanın xeyrinə zəiflədə bilər."
Hasan Oktayın fikrincə, Moskvanın bu mövqeyi son dövrlərdə baş verən diplomatik proseslərlə də birbaşa əlaqəlidir.
"Zelenskinin Ankarada keçiriləcək NATO tədbirlərinə dəvət olunması, Ukrayna məsələsinin NATO-nun yekun sənədlərində xüsusi yer alması Rusiya tərəfindən strateji addım kimi qiymətləndirilir. İndi Moskva buna diplomatik cavab verməyə çalışır və Türkiyənin mövqeyini yenidən yoxlayır."
Türkiyənin mövqeyinə toxunan Hasan Oktay bildirib ki, Ankaranın Rusiyanın gözləntilərini olduğu kimi yerinə yetirməsi real görünmür.
"Türkiyənin Ukraynaya qarşı sərt və ya ittihamedici diplomatik dil işlətməsi çox aşağı ehtimaldır. Ankara indiyədək necə davranıbsa, bundan sonra da balanslı və konstruktiv siyasətini davam etdirəcək. Çünki Türkiyə bir tərəfdən NATO üzvüdür, digər tərəfdən isə Rusiya ilə münasibətlərini qorumağa çalışır. Hər iki istiqamətdə tarazlığı saxlamaq Türkiyə xarici siyasətinin əsas prinsipidir."
Onun sözlərinə görə, Türkiyənin bu siyasətində Montrö Konvensiyası xüsusi yer tutur.
"Türkiyə Montrö Konvensiyasını Lozanna müqaviləsindən sonra əldə etdiyi ən mühüm diplomatik nailiyyətlərdən biri hesab edir. Məhz bu konvensiyanın düzgün tətbiqi sayəsində Ankara Qara dənizdə strateji balansın qorunmasında mühüm rol oynayır. Təəssüf ki, zaman-zaman hökumətdə bəzi şəxslər Montrö ilə bağlı uğursuz açıqlamalar versələr də, son hadisələr bu sənədin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərdi."
Hasan Oktay vurğulayıb ki, Türkiyə üçün əsas təhlükə Qara dənizdə münaqişənin daha da genişlənməsidir:
"Ankara hesab edir ki, Qara dənizin tamamilə münaqişə zonasına çevrilməsi ilk növbədə Türkiyənin milli təhlükəsizliyinə zərbə vuracaq. Buna görə də Montrö Konvensiyasını diqqətlə tətbiq etməklə bölgədə hərbi eskalasiyanın qarşısını almağa çalışır."
Ekspert hesab edir ki, Türkiyənin ən böyük üstünlüyü hər iki tərəflə eyni vaxtda dialoq qura bilməsidir.
"Əgər Ankara Rusiyanın istədiyi kimi Ukraynaya qarşı sərt mövqe nümayiş etdirsə, o zaman etibarlı vasitəçi statusunu itirəcək. Bu isə həm Ukrayna ilə münasibətlərə, həm də NATO daxilində Türkiyənin oynadığı rola mənfi təsir göstərəcək."
Onun sözlərinə görə, hazırda Türkiyə diplomatik kanallar vasitəsilə həm Moskvaya, həm də Kiyevə enerji infrastrukturu və Qara dənizdə təhlükəsizliyin qorunmasının vacibliyini çatdırır: "Bu, heç də Türkiyənin tərəflərdən birini digərinə qarşı müdafiə etməsi anlamına gəlmir. Ankara daha çox hər iki tərəfi təmkinə, sağlam düşüncəyə və Qara dənizdə sabitliyin qorunmasına çağıran diplomatik dilə üstünlük verir."
Hasan Oktay bildirib ki, Türkiyə bundan sonra da praqmatik diplomatiya yürütməyə davam edəcək.
"Ankara Rusiyanın təhlükəsizlik narahatlıqlarını başa düşdüyünü nümayiş etdirəcək, lakin bu, Türkiyənin xarici siyasət kursunda və ya müttəfiqlik münasibətlərində konkret dəyişiklik yaradacaq addımlar atacağı anlamına gəlmir. Türkiyə üçün əsas prioritet müharibənin bütün Qara dəniz hövzəsinə yayılmasının qarşısını almaq və Montrö Konvensiyasının təmin etdiyi mövcud status-kvonu qorumaqdır."-deyə o bildirib.
Sonda Hasan Oktay vurğulayıb ki, Rusiyanın bu cür gözləntini açıq şəkildə ifadə etməsi təsadüfi deyil:"Bu, Moskvanın Ankarada keçirilən NATO tədbirlərindən sonra və son dövrlərdə yaşanan gərginlik fonunda Türkiyənin mövqeyini yenidən sınamaq cəhdidir. Rusiya Ankaranın hansı istiqamətdə hərəkət edəcəyini diqqətlə izləyir. Lakin hesab edirəm ki, Türkiyə indiyədək olduğu kimi bundan sonra da balans siyasətindən geri çəkilməyəcək."
İradə Cəlil, Bizimyol.info






