Argentinanın Xarici İşlər Nazirliyi ölkənin özünə məxsus hesab etdiyi sulardan Britaniyanın hərbi gəmisinin keçməsi ilə bağlı Böyük Britaniyaya rəsmi etiraz notası təqdim edib.
Bizimyol.info xəbər verir ki, nazirliyin bəyanatında bildirilir ki, iyulun 13-də Böyük Britaniyanın səfirliyinə göndərilən notada Malvin (Folklend) adalarında qanunsuz yerləşdirildiyi iddia olunan "HMS Medway" hərbi gəmisinin manevrlərinə qəti etiraz ifadə olunub.
Argentina XİN-in məlumatına görə, gəmi respublikanın ərazi sularından keçib, lakin Britaniya tərəfi ikitərəfli razılaşmaların tələb etdiyi qaydada əvvəlcədən müvafiq bildiriş təqdim etməyib.
"Argentina hökuməti Britaniyanın Argentinanın yurisdiksiyası altında olan məkanlara bu hərbi müdaxiləsini qətiyyətlə pisləyir", – deyə nazirliyin açıqlamasında vurğulanıb.
Atlantik okeanının cənub-qərbində yerləşən Malvin (Folklend) adaları təxminən 200 ildir ki, Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ilin aprelində tərəflər arasında silahlı münaqişə baş verib. Təxminən iki ay yarım davam edən döyüşlərdə Argentina məğlub olub və 649 hərbçisini itirib. Britaniya tərəfinin itkiləri isə 255 nəfər təşkil edib.
2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti keçirilən referendumda adaların Böyük Britaniyanın tərkibində qalmasının lehinə səs verib. Argentina isə referendumun nəticələrini tanımayıb.
Bizimyol.info






