Bəzi tarixlər təqvimdə bir gün davam edir, amma xalqın yaddaşında əbədiyyət qədər yaşayır. Polad Həşimov və İlqar Mirzəyevin şəhadəti də həmin unudulmayan tarixlərdəndir.
Onların Vətən uğrunda verdiyi son qərar bir ömrün sonu deyil, milyonlarla azərbaycanlının qəlbində başlayan sonsuz minnətdarlığın başlanğıcı oldu.
İllər keçsə də, qəhrəmanlıq zamanın tozuna bürünmür.
Əksinə, hər yeni nəsillə daha da ucalır. Çünki şəhidlər yalnız xatırlanmırlar – onlar hər gün Vətən sevgisinin ən müqəddəs ünvanı kimi yaşayırlar.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç vaxt unutmur, onları daim qəlbində yaşadır. Xalqımızın ən dəyərli xüsusiyyətlərindən biri də qəhrəmanlarının göstərdiyi şücaəti gələcək nəsillərə örnək kimi aşılaması, vətənpərvərlik ruhunu gənclərin mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevirməsidir.
Bu baxımdan, Tovuz döyüşlərində Vətən uğrunda qəhrəmancasına şəhid olmuş general-mayor İlqar Mirzəyev və general-mayor Polad Həşimov bu gün təkcə Azərbaycanın qəhrəmanları deyil, həm də gənc nəslin idealları, vətənpərvərliyin və fədakarlığın simvollarıdır. Onların həyat yolu Vətən uğrunda ən ali dəyər olan canından keçməyin parlaq nümunəsidir.
“Tarix boyu Azərbaycan xalqı məhz belə qəhrəmanlarını yaşadaraq böyük zəfərlərə imza atıb. Sevindirici haldır ki, onların qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, eləcə də 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri şəhidlərimizin qisasının alındığını və onların amalının həyata keçdiyini göstərdi.
Bu gün bütün şəhidlərimizin, o cümlədən İlqar Mirzəyev və Polad Həşimovun ruhunun şad olduğuna inanırıq. Şanlı Azərbaycan Ordusu qazandığı tarixi qələbə ilə onların xatirəsi qarşısında öz müqəddəs borcunu yerinə yetirdi. Bu Zəfər bir daha sübut etdi ki, xalqımızın qəhrəmanlarının fədakarlığı əbədi yaşayır və müstəqil Azərbaycanın tarixində ən şərəfli səhifələrdən birini təşkil edir”-deyə deputat vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






