Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Qasımov: Gürcüstan–Aİ münasibətlərində gərginlik davam edəcək
Oqtay Qasımov: Gürcüstan–Aİ münasibətlərində gərginlik davam edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Tbilisi ilə bağlı açıqlamalarına sərt reaksiya verib. O, Aİ rəsmisini Gürcüstanın suverenliyinə və xalqın iradəsinə hörmətsizlik göstərməkdə ittiham edib. Tərəflər arasında bu söz mübadiləsi Gürcüstan-Aİ münasibətlərində siyasi gərginliyin daha da artdığını göstərir.

  • Bu qarşılıqlı sərt bəyanatlar Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə və Tbilisi-Brüssel münasibətlərinin gələcəyinə necə təsir göstərə bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son bir neçə ildə Gürcüstan və Avropa İttifaqı arasında münasibətlər gərginləşən xətt üzrə davam etməkdədir. Bunun əsası Rusiyanın Ukraynaya hücumu ilə qoyulub. Həmin dövrdə Avropada bəzi bürokratlar Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhə açmasını istəyirdilər. Bu baş vermədiyinə görə tərəflər arasında münasibətlərdə gərginlik yarandı və Avropa İttifaqı rəhbərliyi Gürcüstan hakimiyyətini faktiki olaraq Rusiya yönümlü siyasət yürütməkdə ittiham etməyə başladı. Bu isə Gürcüstan tərəfindən sərt reaksiya ilə qarşılandı.

“Gürcüstanda keçirilən seçkilərin legitimliyi də Avropa İttifaqı tərəfindən şübhə altına alınır ki, bu da tərəflər arasında əsas gərginlik nöqtələrindən biridir.

Bu baxımdan proseslərin gedişi göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaza vahid məkan kimi yanaşmır, region ölkələrinə ayrı-ayrılıqda münasibət sərgiləyərək siyasət yürüdür. Açıq desək, bu yanaşmanı çox da effektiv siyasət hesab etmək olmaz”, – deyə Oqtay Qasımov bildirib.

O hesab edir ki, Avropa İttifaqı Gürcüstanda hakimiyyət dəyişikliyi ilə bağlı əlində olan imkanlardan istifadə etməyə çalışır.

Politoloqun fikrincə, mövcud siyasət və qarşılıqlı davranış bu şəkildə davam edərsə, demək olar ki, hələlik tərəflərin münasibətləri normallaşdırmaq üçün konkret marağı görünmür.

Buna görə də Gürcüstan–Avropa İttifaqı münasibətlərinin yaxın perspektivdə də gərginləşən xətt üzrə davam edəcəyi gözlənilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »