Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi 2016-cı il 15 iyul çevriliş cəhdinin 10-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, 15 iyul sadəcə Türkiyə tarixində baş vermiş bir çevriliş cəhdi deyil, xalqın öz dövlətinə, bayrağına və milli iradəsinə sahib çıxdığı gecənin adıdır.
Səfir qeyd edib ki, həmin gecə FETÖ terror təşkilatı seçilmiş hakimiyyəti devirməyə, ölkəni xaosa sürükləməyə cəhd göstərsə də, xalqın iradəsi bu planları puça çıxardı.
"251 şəhidin qanı göstərdi ki, azadlıq kağız üzərində yazılan anlayış deyil, onu yaşatmaq üçün canını fəda etməyə hazır insanlar lazımdır. Tankların qarşısına əliyalın çıxan insanlar dünyaya sübut etdilər ki, demokratiyanın ən böyük təminatçısı xalqın özüdür. Bu hadisə həm də göstərdi ki, dövlətin içinə sızan təhlükələr bəzən sərhədin o tayındakı düşməndən daha təhlükəli olur", – deyə Birol Akgün vurğulayıb.
Səfir bildirib ki, FETÖ illərlə təhsil, din və xeyriyyə fəaliyyəti adı altında gizlənsə də, əsl məqsədinin hakimiyyəti ələ keçirmək olduğu artıq bütün dünyaya məlumdur. Onun sözlərinə görə, bu cür təşkilatlara qarşı mübarizə təkcə bir ölkənin deyil, beynəlxalq təhlükəsizliyin də mühüm tərkib hissəsidir.
Birol Akgün vurğulayıb ki, Azərbaycanın həmin gecə tərəddüd etmədən Türkiyənin yanında yer alması "Bir millət, iki dövlət" prinsipinin sadəcə şüar deyil, gerçək qardaşlıq nümunəsi olduğunu bütün dünyaya göstərdi.
"Qardaşlıq ən çətin gündə verilən dəstəyin adıdır. 15 iyul bunu bir daha sübut etdi. Tarix bizə öyrədir ki, azadlıq qorunmadıqda onu itirmək çox asandır. Demokratiya yalnız seçki günü deyil, təhlükə qarşısında göstərilən cəsarətlə yaşayır. Millətin birliyi pozulmadıqca heç bir xəyanət planı uğur qazana bilməz. 15 iyul şəhidlərinin xatirəsi gələcək nəsillərə dövlətə sahib çıxmağın məsuliyyətini xatırladır", – deyə səfir bildirib.
O əlavə edib ki, bu gün həmin qəhrəmanları ehtiramla anarkən, onların miras qoyduğu ən böyük dəyərlərin milli birlik, dövlətçilik və azadlıq sevgisi olduğu unudulmamalıdır.
Səfir çıxışını bu sözlərlə yekunlaşdırıb:
"15 iyul göstərdi ki, silah bəzən insanı öldürə bilər, amma xalqın iradəsini əsla məğlub edə bilməz."
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Əhliman Əmiraslanov isə bildirib ki, 15 iyul demokratiyaya qarşı yönəlmiş çevriliş cəhdi idi.
Deputat qeyd edib ki, həmin hadisələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə qardaş Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın yanında olub, Azərbaycanın dəstəyi ilk andan etibarən açıq şəkildə ifadə edilib.
"Həmin günlərdə Azərbaycan cəmiyyəti də birlik nümayiş etdirərək qardaş Türkiyənin yanında yer aldı. İnsanlar Türkiyəyə dəstək verməyə, onun dövlətçiliyinin və konstitusiya quruluşunun qorunmasına öz mənəvi töhfələrini göstərməyə çalışırdılar", – deyə deputat bildirib.
Əhliman Əmiraslanov vurğulayıb ki, dövlət çevrilişləri ölkələrin iqtisadiyyatına və inkişafına ciddi zərbə vurur.
"Təcrübə göstərir ki, dövlət sevgisi və dövlətçilik şüuru ölkələrin inkişafında həlledici rol oynayır. Dövlət çevrilişləri və bu kimi qanunsuz müdaxilələr ölkələri uzun illər geriyə sala bilir. Məhz dövlətçiliyin qorunması və çevriliş cəhdinin qarşısının alınması qardaş Türkiyənin sonrakı illərdə bütün sahələr üzrə, xüsusilə hərbi sənaye və müdafiə texnologiyaları istiqamətində sürətli inkişafına mühüm töhfə verdi. Bu gün Türkiyə dünyanın aparıcı dövlətləri sırasında yer alır", – deyə deputat qeyd edib.
Deputat bildirib ki, Türkiyənin xüsusilə hərbi sənaye sahəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə böyük maraq doğurur.
"Bu yaxınlarda Türkiyədə keçirilən NATO liderlərinin sammiti də bir daha göstərdi ki, Türkiyə artıq qlobal siyasətdə sözü keçən, nüfuzu artan dövlətlərdən biridir. Prezident Rəcəb Tayyib Ərdoğan isə dünya miqyasında diqqətlə izlənilən və mövqeyinə hörmətlə yanaşılan liderlərdəndir. Dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin Türkiyə Prezidenti haqqında səsləndirdiyi müsbət fikirlər də bunun bariz göstəricisidir. Biz də türk dünyasının belə bir liderə sahib olmasını qürur və fəxr hissi ilə qarşılayırıq", – deyə Əhliman Əmiraslanov bildirib.
P.S.
15 iyul gecəsi təkcə tankların küçələrə çıxdığı bir gecə deyildi. Həmin gecə xəyanətlə vətən sevgisinin, qorxu ilə milli iradənin üz-üzə gəldiyi tarixi sınaq idi. O gecənin səhəri isə göstərdi ki, dövlətini ürəyində daşıyan xalqın qarşısında heç bir silah, heç bir qaranlıq plan qalib gələ bilməz. Şəhidlərin qanı ilə yazılan bu tarix bu gün də bizə xatırladır ki, qardaşlıq çətin gündə sınanır, azadlıq isə yalnız onu qorumağa hazır olan millətlərin əlində yaşayır.
İradə Cəlil, Bizimyol.info






