Prezident İlham Əliyev bildirib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasının yekun mərhələsində mühüm rol oynayıb. Dövlət başçısı Tramp Administrasiyasının sülh prosesinə yanaşmasını yüksək qiymətləndirərək, bu dəstəyin danışıqların uğurla yekunlaşmasına töhfə verdiyini vurğulayıb. Bu barədə ABŞ-ın "The Floridian" nəşri IV Şuşa Qlobal Media Forumuna istinadən məlumat yayıb.
- Donald Tramp Administrasiyasının Azərbaycan–Ermənistan sülh prosesinə verdiyi dəstək regional sabitlik və ABŞ–Azərbaycan münasibətlərinə hansı təsirləri göstərə bilər?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən ilin avqustun 8-də ABŞ Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən mühüm görüşə ev sahibliyi edib. Həmin görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Bununla yanaşı, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin hazırlanmasına dair razılıq əldə olunub, Ermənistanla ABŞ arasında isə əməkdaşlıq sazişi imzalanıb.
Politoloqun sözlərinə görə, eyni zamanda Orta Dəhlizin Ermənistandan keçən hissəsinin ABŞ-ın himayəsi altında inkişaf etdirilməsi ilə bağlı yanaşmalar və Vaşinqtonun bu layihədə rolunun müəyyənləşdirilməsi Cənubi Qafqazda siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişib. ABŞ-ın prosesə fəal şəkildə qoşulması layihəyə qarşı çıxan və ya onun reallaşmasına mane olmağa çalışan regional və regiondankənar qüvvələrin təsir imkanlarını xeyli zəiflədib.
Əli Mustafa hesab edir ki, ABŞ-ın bölgədə artan fəallığı regional sabitliyə və əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərib.
Politoloqun fikrincə, digər mühüm məqam ABŞ–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri zamanı bu istiqamətdə əldə olunan razılaşmalar da xüsusi əhəmiyyət daşıyır.
"Hazırda Ermənistanla ABŞ arasında dərin əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, Azərbaycanla da analoji səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi olduqca vacibdir. Bu əməkdaşlıq iqtisadiyyat, siyasət, enerji, mədəniyyət və digər sahələri əhatə etməklə yanaşı, təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir", – deyə politoloq bildirib.
Onun sözlərinə görə, ABŞ bu gün qlobal təhlükəsizlik arxitekturasının əsas aktorlarından biridir. Buna görə də Vaşinqtonun Cənubi Qafqazda mövcudluğu və Azərbaycanla əməkdaşlığının genişlənməsi ölkənin təhlükəsizliyi üçün əlavə təminat yaradan amillərdən biri hesab oluna bilər.
"Region hazırda mürəkkəb geosiyasi proseslərin təsiri altındadır. Rusiya–Ukrayna müharibəsi, ABŞ–İran qarşıdurması və digər böhranlar Cənubi Qafqazda sabitliyə təsir göstərən riskləri artırır, gərginliyin regiona sirayət etməsi ehtimalını gündəmdə saxlayır. Belə bir şəraitdə ABŞ kimi qlobal güclə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət daşıyır və ölkə üçün əlavə təhlükəsizlik təminatı kimi qiymətləndirilə bilər", – deyə Əli Mustafa əlavə edib.
İradə Cəlil, Bizimyol.info






