15 iyul 2016-cı il tarixində baş verən xain çevriliş cəhdi Türkiyənin xarici siyasətində, təhlükəsizlik arxitekturasında və daxili siyasi sistemində dərin transformasiyalara səbəb oldu.
Bu hadisə əslində Türkiyədə daxili xaos yaratmaq və ölkəni işğala açıq vəziyyətə salmaq məqsədi daşıyan bir plan idi. Ssenariyə əsasən, ABŞ-da yaşayan bu hərəkatın lideri Fətullah Gülən Türkiyəyə gətirilərək prezident elan edilməli idi. Bunun isə cəmiyyətin böyük hissəsinin etirazına səbəb olacağı, ölkədə genişmiqyaslı qarşıdurmaların başlayacağı və yaranacaq xaos fonunda Türkiyənin şimaldan, cənubdan, şərqdən və qərbdən müxtəlif xarici müdaxilələrə məruz qalacağı nəzərdə tutulurdu.
Lakin xalqın qətiyyətli müqaviməti, dövlət institutlarının və hökumətin koordinasiyalı fəaliyyəti nəticəsində çevriliş cəhdi yatırıldı və bu plan tamamilə iflasa uğradı.
Bu barədə Bizimyol.info xəbər portalına türk politoloq Hüsamettin İnaç danışıb.
O bildirib ki, bu hadisədən sonra Türkiyə Respublikasında idarəetmə sistemində mühüm dəyişikliklər həyata keçirildi. Prezident idarəetmə sisteminə keçid qərar qəbuletmə mexanizmlərinin daha mərkəzləşdirilmiş formada fəaliyyət göstərməsinə imkan yaratdı. Eyni zamanda, dövlət strukturlarına sızmaların qarşısını almaq məqsədilə genişmiqyaslı institusional islahatlara başlanıldı.
Xüsusilə Silahlı Qüvvələrdə, məhkəmə sistemində, universitetlərdə və digər dövlət qurumlarında FETÖ-yə qarşı ciddi təmizləmə prosesi həyata keçirildi. Artıq təşkilat üzvlərinin kimliyi və dövlət daxilində yerləşdikləri mövqelər böyük ölçüdə müəyyən edilmişdi.
“Əslində FETÖ-nün əsas hədəflərindən biri Milli Kəşfiyyat Təşkilatını (MİT) nəzarətə götürmək idi. Lakin buna nail ola bilmədikləri üçün çevriliş planını vaxtından əvvəl həyata keçirmək məcburiyyətində qaldılar və nəticədə bu daxili işğal cəhdi hazırlıq mərhələsində iflasa uğradı.
Bu proses çərçivəsində FETÖ-nü birbaşa və ya dolayı yolla dəstəklədiyi hesab edilən siyasi və ictimai strukturlar da ciddi şəkildə zəiflədildi. Bu təmizlənmə prosesində əsas rolu xalqın özü oynadı.
Digər tərəfdən, Türkiyənin xüsusilə Avropa və ABŞ ilə münasibətlərində ciddi etimad böhranı yarandı. Ankara ABŞ-a FETÖ lideri və təşkilat üzvlərinin ekstradisiyası ilə bağlı 85 ayrı sənəd təqdim etsə də, bu tələblər cavabsız qaldı və Fətullah Gülən Türkiyəyə təhvil verilmədi”, – deyə politoloq bildirib.
O vurğulayıb ki, bu gün FETÖ-nün təxminən 160 ölkədə müxtəlif formalarda fəaliyyət göstərdiyi məlumdur. Buna görə də Türkiyə həmin strukturlara qarşı beynəlxalq miqyasda sistemli mübarizə aparmağa başladı.
Bu dövrdə Türkiyə xarici siyasətini də yenidən formalaşdırdı. Terror təşkilatlarını dəstəklədiyini düşündüyü ölkələrdən müəyyən mənada uzaqlaşdı. Məsələn, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini təxminən iki il gecikdirdi və bu ölkələrdən terrorçuların ekstradisiyası istiqamətində mühüm nəticələr əldə etdi.
Eyni zamanda, Rusiya ilə münasibətlərin normallaşdırılmasına üstünlük verildi. Çevriliş cəhdindən qısa müddət əvvəl FETÖ üzvlərinin dövlət strukturlarına sızması nəticəsində baş verdiyi iddia edilən Rusiya hərbi təyyarəsinin vurulması ilə yaranmış böhran da sonradan böyük ölçüdə aradan qaldırıldı və Moskva ilə münasibətlər yenidən yaxşılaşdı.
“15 iyuldan sonra Türkiyə Suriyada ardıcıl olaraq dörd uğurlu hərbi əməliyyat həyata keçirdi. Bu əməliyyatlar çərçivəsində PKK və FETÖ kimi terror strukturlarının bölgədəki mövcudluğunu zəiflətmək istiqamətində ciddi addımlar atıldı.
Həmin dövrdə bəzi dairələr orduda aparılan təmizləmələrin Türkiyə Silahlı Qüvvələrini zəiflətdiyini iddia etsələr də, sonrakı uğurlu hərbi əməliyyatlar bunun əksini göstərdi. Dövlət institutları FETÖ-dən təmizləndikcə daha güclü və daha funksional hala gəldi”, – deyə o bildirib.
Politoloqun fikrincə, sonrakı mərhələdə Türkiyə regional hadisələrdən mühüm nəticələr çıxardı. 2004-cü ildən Ukraynada başlayan rəngli inqilablar, 2010-cu ildən etibarən Ərəb baharı prosesləri, Türkiyənin cənubunda yaşanan hadisələr və nəhayət, 2016-cı ildə Ankarada yatırılan çevriliş cəhdi göstərdi ki, ölkənin təhlükəsizlik konsepsiyası yenidən qurulmalıdır.
Bu səbəbdən Ankara təhlükəsizlik mərkəzli və hərbi imkanlarla dəstəklənən yeni xarici siyasət konsepsiyası formalaşdırmağa başladı. Türkiyə müttəfiqlik münasibətlərini də yenidən qiymətləndirdi.
“Xüsusilə ABŞ və NATO ilə münasibətlərə yenidən baxıldı. Çünki FETÖ strukturunun NATO daxilində, xüsusilə türk zabitləri arasında müəyyən təsir imkanları əldə etdiyi qənaəti formalaşmışdı. Həqiqətən də, çevriliş cəhdindən sonra NATO-da xidmət edən bəzi türk generalları və zabitləri Türkiyəyə qayıtmadılar. Bu vəziyyət Ankara tərəfindən Avropa və NATO dairələrinin FETÖ-yə münasibəti baxımından mühüm göstərici kimi qiymətləndirildi”, – deyə o əlavə edib.
Hüsamettin İnaç hesab edir ki, bu prosesdə Türkiyə öz milli imkanlarına əsaslanan təhlükəsizlik və xarici siyasət modelini qurmağa başladı. Xüsusilə 15 iyuldan sonra müdafiə sənayesində yerliləşmə səviyyəsi təxminən 85 faizə çatdırıldı.
Milli olmayan və xarici təsirlərə açıq hesab edilən elementlər dövlət qurumlarından böyük ölçüdə uzaqlaşdırıldı.
İctimaiyyət də FETÖ-nün nüfuzdan salınması prosesində fəal iştirak etdi. Təhsil sistemi və dini dəyərlərdən istifadə edərək cəmiyyət üzərində təsir qurmağa çalışan bu strukturun əsl mahiyyəti üzə çıxdıqca təşkilata ictimai dəstək sürətlə azaldı. Bu da FETÖ ilə mübarizənin uğur qazanmasına mühüm töhfə verdi.
Nəticədə bu gün FETÖ-yə bağlı qurumların böyük hissəsinin Türkiyədə fəaliyyət imkanları aradan qaldırılıb.
Hüsamettin İnaç xatırladıb ki, bununla belə, hazırda iki əsas problem qalmaqdadır.
“Birincisi, FETÖ-nün "kripto" adlandırılan gizli üzvlərinin müəyyən dövlət qurumlarında fəaliyyətlərini davam etdirdiyi və münasib şərait yarandıqda Türkiyənin təhlükəsizliyini hədəf alan ciddi addımlar ata biləcəyi ehtimalıdır.
İkincisi isə təşkilatın xaricdə yaratdığı geniş diaspora şəbəkəsidir. Bu şəbəkə xüsusilə ABŞ-da, Avropada, Afrikada və Türk dünyasında, o cümlədən Orta Asiya və Türküstan coğrafiyasında fəaliyyətini davam etdirir.
Türkiyə bu istiqamətdə, xüsusilə Maarif Fondu vasitəsilə xaricdə fəaliyyət göstərən FETÖ məktəblərini öz nəzarətinə götürmək üçün geniş fəaliyyət həyata keçirir. Lakin bəzi ölkələr, xüsusilə ABŞ-ın siyasi təsirindən kənara çıxa bilməyən dövlətlər bu mübarizəyə tam dəstək vermirlər.
Buna baxmayaraq, bu gün gəlinən nöqtədə FETÖ-nün mahiyyəti həm Türkiyə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən əvvəlkindən daha aydın şəkildə dərk edilir. Vaxtilə təşkilata inanan çoxsaylı insanlar da artıq ona verdikləri dəstəyi böyük ölçüdə dayandırıblar”, – deyə o bildirib.
İnaçın fikrincə, hazırda Türkiyədə FETÖ ilə mübarizə məsələsində geniş ictimai və siyasi konsensus mövcuddur. Bundan sonrakı mərhələdə FETÖ-yə bənzər yeni strukturların yaranmasının qarşısını almaq üçün eyni qətiyyətlə mübarizə davam etdirilməli, təşkilatın fəaliyyətinin izlənilməsi və ona qarşı hüquqi, siyasi, təhlükəsizlik tədbirləri dayandırılmamalıdır.
İradə Cəlil, Bizimyol.info






