Pentaqon ABŞ Konqresinin tələbi ilə hazırlanmış "F-35" qırıcılarının istehsalı proqramı üzrə illik hesabatın dərcinə son 20 ildən çox müddətdə ilk dəfə mane olub.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
ABŞ Konqresinin nəzdində fəaliyyət göstərən Hökumət Hesabatlılığı İdarəsinin (HHİ) nümayəndəsinin sözlərinə görə, qurum 2005-ci ildə Konqres tərəfindən məcburi yoxlamalar tətbiq edildikdən bəri hər il ““F-35” proqramının satınalma prosesini” araşdırır.
Lakin bu il ilk dəfə olaraq yoxlamalar zamanı ictimaiyyətə açıqlanması mümkün olmayan məxfi məlumatlar aşkar edilib. HHİ nümayəndəsi bildirib ki, məhz bu səbəbdən hesabatın açıq şəkildə yayımlanması mümkün olmayıb.
Nəzarət qurumunun hesabatı Pentaqonun ən çox diqqət çəkən və ən bahalı silah proqramlarından biri olan “F-35” layihəsinin vəziyyəti barədə ictimaiyyətə təqdim olunan yeganə genişmiqyaslı müstəqil qiymətləndirmə hesab olunur.
Agentlik bildirir ki, əvvəlki hesabatlarda proqram çərçivəsində proqram təminatının yenilənməsi, avadanlıqlar və mühərriklərlə bağlı problemlər, eləcə də ciddi gecikmələr aşkar edilmişdi.
Bizimyol.info






