Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fitnes bloqerləri "Telegram"da qanunsuz anabolik steroid şəbəkəsi ilə əlaqələndirilir
Fitnes bloqerləri "Telegram"da qanunsuz anabolik steroid şəbəkəsi ilə əlaqələndirilir

Özünü sağlamlıq və həyat tərzi şirkəti kimi təqdim edən "Gencore Global"ın bir sıra fitnes bloqerləri, tərəfdaşları və əməkdaşları "Telegram" vasitəsilə fəaliyyət göstərən qanunsuz anabolik hormon preparatı satış şəbəkəsinin təşviqində iştirak edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti aparılan araşdırma barədə yazıb.

Araşdırmada bildirilir ki, şirkətlə əlaqəli ən azı 12 nəfər əvvəl "Rohm", daha sonra isə "Anabolic By Nature" adı altında fəaliyyət göstərən "Telegram" kanallarında steroidlər, testosteron preparatları, insan böyümə hormonu, arıqlama dərmanları və bəzi eksperimental peptidlərin reklamını aparıb. Həmin şəxslərin "TikTok" və "Instagram" platformalarında ümumilikdə 180 mindən çox izləyicisi var.

Qəzetin məlumatına görə, bu bloqerlər sosial şəbəkələrdə izləyicilərini "Telegram" qruplarına yönləndirərək həm məhsulların satışını təşviq edir, həm də yeni tərəfdaşlar cəlb etməyə çalışırlar. Satışlardan komissiya qazanmaq istəyən şəxslərə də əməkdaşlıq təklif olunur.

Araşdırmada həmçinin iddia edilir ki, "Gencore Global"ın təsisçisi və baş direktoru Darren Uiks də "Telegram" qrupunun fəaliyyətində iştirak edib. Onun istifadəçilərə məhsulların mövcudluğu, çatdırılma prosesi və satış proqramı barədə məlumat verdiyi bildirilir. Qəzet yazır ki, o, hətta steroid preparatlarının hava limanlarından keçirilməsi ilə bağlı məsləhətlər də verib.

Darren Uiks isə ittihamları qəbul etməyərək "Gencore Global"ın steroid satmadığını bildirib. Onun sözlərinə görə, şirkətin bəzi tərəfdaşlarının bu cür fəaliyyətlə məşğul olması "Gencore" ilə birbaşa əlaqəli deyil.

Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələrdə fitnes məzmunu ilə qanunsuz preparatların reklamı arasındakı sərhəd getdikcə daha da zəifləyir. Onların fikrincə, bu, xüsusilə gənclər arasında anabolik steroid istifadəsini adi hal kimi göstərir və sağlamlıq üçün ciddi risklər yaradır.

Qeyd edək ki, Böyük Britaniyada anabolik steroidlərin şəxsi istifadə məqsədilə saxlanılması qanuni sayılsa da, onların lisenziya olmadan satışı və yayılması qanunla qadağandır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »