Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sanksiyalardan yayınmaq üçün Yaponiyadan istifadə edir
Rusiya sanksiyalardan yayınmaq üçün Yaponiyadan istifadə edir

Rusiya Hərbi Kəşfiyyat İdarəsi (HKİ) yüksək texnologiyalı məhsulların əldə olunması və sanksiyalardan yayınmaq məqsədilə Yaponiyanı əsas tranzit mərkəzlərindən birinə çevirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Ukrayna və Qərb kəşfiyyat orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 2022-ci ildə Avropa və Şimali Amerikadan çoxsaylı rus diplomatlarının çıxarılmasından sonra HKİ-nin bir sıra əməkdaşları Yaponiyaya göndərilib. Mənbələrin iddiasına əsasən, buna ölkənin inkişaf etmiş texnologiya sektoru və casusluğa qarşı qanunvericiliyin nisbətən yumşaq olması şərait yaradıb.

Məlumata görə, əməliyyata HKİ-nin məxfi 20-ci idarəsi rəhbərlik edir. Əsas fiqurlardan biri kimi 2024-cü ilin fevralında "Aeroflot" əməkdaşı adı altında Tokioya gələn Maksim Filçenkov göstərilir. İddia olunur ki, o, "Proco Air" şirkəti vasitəsilə yüklərin əvvəlcə Vyetnam kimi üçüncü ölkələrə, daha sonra isə Rusiyaya çatdırılması üçün logistika şəbəkəsi qurub.

Ukrayna tərəfi bildirir ki, Rusiya istehsalı olan raket və pilotsuz uçuş aparatlarının təxminən 90 faizində Yaponiya istehsalı elektron komponentlərdən istifadə olunur. Kiyev bununla bağlı dəfələrlə Yaponiya hökumətinə məlumat təqdim edib.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi isə sanksiyalardan yayınma cəhdlərinə qarşı nəzarətin gücləndirildiyini açıqlayıb. Bununla yanaşı, qurum etiraf edib ki, qanunvericilikdəki boşluqlar xarici kəşfiyyat əməkdaşlarının məsuliyyətə cəlb olunmasını çətinləşdirir və bəzi hallarda onlar məhkəmə prosesi başlamazdan əvvəl ölkəni tərk edə bilirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »