Rusiya ordusu Donetsk vilayətində yerləşən Konstantinivka şəhərinə hücumlarını davam etdirir və yaşayış məntəqəsini üç istiqamətdən mühasirəyə almağa çalışır.
Bizimyol.nfo xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, şəhərin ələ keçirilməsi Kremlin Donbas üzərində tam nəzarət qurmaq planında əsas prioritetlərdən birinə çevrilib. Bununla belə, Rusiya qoşunlarının irəliləyişi ağır itkilərlə müşayiət olunur.
Konstantinivka təkcə strateji deyil, həm də simvolik əhəmiyyət daşıyır. Sovet dövründə burada Kremlin qüllələri üçün məşhur yaqut ulduzlar və Vladimir Leninin mavzoleyi üçün şüşə hazırlanırdı. Hazırda isə şəhər Drujkivka, Kramatorsk, Slovyansk və Lımanla birlikdə Ukraynanın şərqdəki müdafiə xəttinin mühüm hissəsidir. Məqalədə vurğulanır ki, Konstantinivkanın itirilməsi regiondakı digər Ukrayna şəhərlərinə təzyiqi artıracaq və Rusiyaya hücumlarını genişləndirmək imkanı verəcək.
Finlandiyanın "Black Bird Group" analitik mərkəzinin həmtəsisçisi Emil Kastehelminin sözlərinə görə, Rusiyanın əsas üstünlüyü böyük canlı qüvvə ehtiyatına malik olması və yüksək itkilərə baxmayaraq qoşunlarını davamlı şəkildə yeniləyə bilməsidir.
Nəşrin məlumatına görə, müharibədən əvvəl təxminən 70 min nəfərin yaşadığı Konstantinivkada hazırda cəmi iki minə yaxın sakin qalıb. Şəhərdə qaz, su və elektrik enerjisi yoxdur, tibbi xidmət isə ciddi şəkildə məhdudlaşıb. Rusiya pilotsuz uçuş aparatlarının fəaliyyəti səbəbindən şəhər daxilində hərəkət də xeyli çətinləşib. Davamlı hücumlar mülki əhalinin təxliyəsini və hərbçilərin rotasiyasını daha təhlükəli edib.
Eyni zamanda, tərəflər cəbhədəki vəziyyəti fərqli qiymətləndirirlər. Rusiya prezidenti Vladimir Putin Konstantinivkanın tam nəzarətə götürüldüyünü iddia etsə də, Ukrayna hakimiyyəti bunu təkzib edir.
Analitiklərin fikrincə, Rusiya ordusu müəyyən lokal uğurlar qazansa da, Ukraynanın arxa cəbhəyə endirdiyi zərbələr və əks-hücumlar səbəbindən Moskvanın hücum potensialı məhdud olaraq qalır. Hesablamalara görə, Rusiya iyun ayında hətta xalis ərazi itkisi ilə üzləşib.
Buna baxmayaraq, Konstantinivka uğrunda döyüşlər son dərəcə şiddətli olaraq qalır. Ukrayna komandanlığı Rusiya qüvvələrini mümkün qədər tükəndirməyə çalışır, Kreml isə böyük insan itkiləri bahasına irəliləmək cəhdlərini davam etdirir.
Bizimyol.info






