Almaniya Ukrayna üçün 50 min hücum tipli pilotsuz uçuş aparatının (PUA) alınmasını maliyyələşdirəcək.
Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, bu sifariş Ukraynanın Qərb tərəfdaşlarından biri tərəfindən həyata keçirilən ən iri məlum dron tədarüklərindən biri olacaq.
Sifarişə Ukrayna istehsalı olan "Shrike FPV" dronları daxildir. Bu pilotsuz aparatlarda ABŞ-nin müdafiə şirkəti "Auterion" tərəfindən hazırlanmış proqram təminatı istifadə olunur. Sistem uçuşun son mərhələsində hərəkətdə olan hədəfləri avtonom şəkildə izləmək və məhv etmək üçün nəzərdə tutulub.
Şirkətin baş direktoru Lorens Mayer müqavilənin həcmini təsdiqləyərək onun dəyərinin təxminən 90 milyon avro olduğunu bildirib. Onun sözlərinə görə, maliyyə vəsaitini Avropa ölkələrindən biri ayırır. Mayer qeyd edib ki, dronların bir hissəsi artıq Ukraynaya çatdırılıb, qalan hissəsi isə ilin sonunadək təhvil veriləcək.
O əlavə edib ki, şirkəti bu il müxtəlif istehsalçılarla əməkdaşlıq çərçivəsində Ukraynaya ümumilikdə 100 min pilotsuz uçuş aparatının tədarükünə dəstək verir. Bu proqram bir neçə Qərb ölkəsi tərəfindən maliyyələşdirilir.
Mayer həmçinin bildirib ki, bu rəqəmə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 50 milyon dollarlıq müqaviləsi çərçivəsində tədarük edilən 33 min PUA da daxildir və həmin dronlar artıq Ukraynaya çatdırılıb.
Ukraynalı istehsalçı Almaniyanın maliyyələşdirdiyi müqavilədə iştirakını təsdiqləsə də, sövdələşmənin digər detalları barədə məlumat verməkdən imtina edib.
Almaniya Müdafiə Nazirliyi də əməliyyat təhlükəsizliyini əsas gətirərək məsələni şərh etməyib.
"Shrike FPV" dronları 2023-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində istifadə olunur. Son dövrlərdə bu pilotsuz aparatlara beynəlxalq maraq da artıb.
Ukraynanın "SkyFall" şirkəti ilə Böyük Britaniyanın "Skycutter" şirkətinin birgə hazırladığı "Shrike 10-F" modeli yaxın zamanda ABŞ Pentaqonunun 1,1 milyard dollarlıq zərbə PUA-ları satınalma proqramı çərçivəsində diqqət mərkəzinə düşüb.
Bizimyol.info






