Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ və onun müttəfiqlərinin müdafiə ittifaqlarını gücləndirmək istiqamətində atdığı addımları sərt tənqid edib.
Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, KXDR Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı ölkənin dövlət xəbər agentliyi tərəfindən yayılıb.
Bəyanatda NATO rəhbərliyi Pxenyanın özünümüdafiə sahəsində qanuni suveren hüquqlarını beynəlxalq təhlükəsizliyə təhdid kimi təqdim etməkdə ittiham olunur.
KXDR Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyədə keçirilən NATO sammiti alyansın hərbi xərcləri artırmaq və Asiya-Sakit okean regionundakı tərəfdaşlarla əməkdaşlığı genişləndirmək yolu ilə bloklararası qarşıdurmanı dərinləşdirmək niyyətini nümayiş etdirib.
Sammit zamanı tərəflər ümumi dəyəri 50 milyard ABŞ dollarından çox olan müdafiə satınalmaları və sənaye layihələri üzrə sazişlərin imzalandığını elan ediblər. Bu qərar ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin NATO çərçivəsində daha böyük maliyyə öhdəlikləri götürməsi ilə bağlı davam edən təzyiqləri fonunda qəbul edilib. Sammit çərçivəsində Cənubi Koreya Prezidenti Li Çje Men Seulun NATO ilə texnoloji və hərbi əməkdaşlığını daha da dərinləşdirəcəyinə ümid etdiyini bildirib.
Buna cavab olaraq KXDR NATO-nu Qərbin geosiyasi maraqları naminə müharibə və qarşıdurmaya yönəlmiş təşkilat kimi xarakterizə edib. Pxenyan nümayəndələri ölkənin nüvə silahından imtina etməsi üçün göstərilən təzyiqlərin artıq geri dönməz şəkildə nəticəsiz qaldığını bəyan ediblər. KXDR hesab edir ki, beynəlxalq ictimaiyyət diqqətini alyans üzvlərinin, eləcə də ABŞ-ın təhlükəsizlik çətiri altında fəaliyyət göstərən Cənubi Koreya və Yaponiyanın nüvə ambisiyalarının cilovlanmasına yönəltməlidir. Diplomatlar vurğulayıblar ki, KXDR bundan sonra da öz suverenliyini və regional sülhü qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Bizimyol.info






