Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna "Patriot" çatışmazlığını aradan qaldırmaq üçün 6 bəndlik plan hazırlayıb
Ukrayna "Patriot" çatışmazlığını aradan qaldırmaq üçün 6 bəndlik plan hazırlayıb

Ukrayna ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşib.

Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal"ın verdiyi məlumata görə, bu vəziyyət ölkənin şəhərlərini Rusiyanın ballistik raket hücumları qarşısında daha həssas edib. Nəşrin məlumatına görə, ABŞ-ın İranla hərbi qarşıdurması fonunda "Patriot" raketlərinin tədarükü məhdudlaşıb, istehsal isə tələbatı qarşılamaq üçün kifayət qədər sürətli deyil.

Bildirilib ki, Kiyev müttəfiqlərin yeni tədarüklərini gözləməklə kifayətlənməyərək, "Patriot" çatışmazlığının təsirlərini azaltmaq üçün altı bənddən ibarət plan hazırlayıb.

Plana əsasən, Ukrayna Patriot raketlərindən yalnız ballistik raketlərə qarşı istifadə edir, qanadlı raketlər və pilotsuz uçuş aparatlarının məhv edilməsində isə digər hava hücumundan müdafiə vasitələrinə üstünlük verir. Bundan əlavə, sursata qənaət etmək məqsədilə bir hədəfə qarşı mümkün qədər az sayda raket buraxılır.

Kiyev eyni zamanda Rusiyanın raket istehsal edən hərbi müəssisələrinə uzaqmənzilli zərbələr endirməyə çalışır. Müdafiə sənayesinin təhlükəsizliyini artırmaq üçün istehsal müxtəlif bölgələrə və xarici ölkələrə köçürülüb, bəzi müəssisələr isə yeraltı obyektlərdə fəaliyyət göstərir.

Məqalədə qeyd olunur ki, Ukrayna yerli istehsal raketdən müdafiə sistemi üzərində də işləyir. "Fire Point" şirkətinin hazırladığı sistemin bu yay sınaqdan keçiriləcəyi bildirilir. Bununla yanaşı, Estoniyanın "Frankenburg Technologies" şirkəti və digər startapların hazırladığı alternativ sistemlər hələ döyüş şəraitində sınaqdan keçməyib.

Nəşrin yazdığına görə, Kiyevin uzunmüddətli strategiyası cəbhədə Rusiya ordusunun irəliləyişini dayandırmaqla yanaşı, Kreml atəşkəsə razılaşana qədər Rusiyanın hərbi imkanlarına zərbə vurmaqdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya Patriot sistemləri üçün raketlərin ölkə daxilində istehsalına icazə verilə biləcəyini açıqlayıb. Ekspertlərin qiymətləndirməsinə görə, istehsal xətti qurulduqdan sonra ilk raketlərin hazırlanması ən azı bir il çəkə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »