Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maliyyə piramidaları: Rahat pul qazanmaq tələsi
Maliyyə piramidaları: Rahat pul qazanmaq tələsi

Maliyyə piramidası şəbəkələri illərdir insanları aldatmaqla məşğuldur. Əvvəlcə yaxşı gəlir vəd edilir, sonra isə böyük pulların yoxa çıxması məlum olur. Son illər bu şəbəkələrə qarşı mübarizə sərtləşib. Şəbəkəyə başçılıq edənlər saxlanılır, onlara qarşı cinayət işi açılır.

Bizimyol.info xəbər verir ki, “Any Unboxing” də uzağa gedə bilməyib. Şəbəkə ifşa olunub, maliyyə piramidası ideyasının müəllifləri saxlanılıb. Malayziyalı Ravi Sivadass ilə yanaşı, Arzu Musayeva və Səbuhi Məmmədov da ələ keçib. Başqa bir malayziyalı Li Kay Fatt isə beynəlxalq axtarışa verilib.

“Any Unboxing” bir müddətdir sosial şəbəkələrdə fəal idi. Bu piramidanı idarə edənlər bir az fərqli taktika seçmişdi. Şəbəkəyə qoşulanlara virtual qutular satılırdı. Hər gün bir qutu açılırdı. Beləcə, iştirakçıların hesablarında müəyyən rəqəmlər görünürdü. Əslində isə yalnız virtual məbləğlərdən söhbət gedirdi.

Şəbəkəyə qoşulanlar nağdaşlaşdırma mərhələsini heç cür keçə bilmirmiş. Buna baxmayaraq, azı 300 nəfərin aldadıldığı məlumdur. Onlar ümumilikdə 2,5 milyon manatdan çox itiriblər.

İş orasındadır ki, istintaq hələ başa çatmayıb. Sosial mediadakı müzakirələrdə daha çox insanın aldadıldığı iddia olunur. Yəni məbləğin daha böyük olması mümkündür.

Axırıncı dəfə “Farmaniya” piramidasının ifşası səs-küy yaratmışdı. Onda 18 yaşlı gənc oğlan xeyli adamı aldatmağı bacarmışdı. Hüseyn Quliyev şəbəkəyə 700 min manata qədər vəsait cəlb edilməsinə nail olmuşdu. Şəbəkəyə qoşulanların azı 400 min manatı yoxa çıxmışdı. Hüseyn Quliyev həbs edilmişdi.

İstintaq zamanı məlum olmuşdu ki, gənc çoxdan bu işlə məşğuldur. Yəni hələ yeniyetməlik dövründə dostları ilə insanları yoldan çıxarmağı bacarıb. O, sosial mediada adi çıxışlarla yüzlərlə insandan pul ala bilirmiş.

Hüquqşünas Tərlan Yusifzadə deyir ki, vətəndaşlar aldanmağa daha meyillidir:

“Çox təəssüf ki, insanlar rahat yolla çox pul qazanmaq istəyirlər. Anlamaq lazımdır ki, belə olmur. Piramida biznesi ilk baxışdan qanunsuz görünmür. Amma daha dərindən düşünəndə başa düşürsən ki, bu cür yolla pul qazanmaq risklidir. Bu risklərə baxmayaraq, insanlar sanki özlərini oda atıb yanırlar”.

Hüquqşünasın sözlərinə görə, pul qazanmaq məqsədilə riskə gedənlər bir müddət özlərini biznes ideyası ətrafında birləşmiş kimi hiss hiss edirlər. Çünki piramida oyunlarını təbliğ edənlər özlərini “biznes ideyalarını istehsal edənlər” kimi göstərirlər: “Təəssüf ki, insanlar bir müddət sonra aldadıldıqlarını başa düşürlər. Onda da artıq gec olur, iş işdən keçir. Hüquq-mühafizə orqanlarına şikayət edirlər. Bu qurumlar da şikayətlər daxil olandan sonra baş verənləri araşdırmağa başlayır”.

Belə şəbəkələrə inananları da başa düşmək olmur. Ətrafda nə qədər aldanan var, amma yenə də piramidalara qoşulanlar tapılır. Dələduzlar da hər dəfə yeni metodlardan istifadə edirlər. Əvvəllər hər müştəri yeni şəbəkə iştirakçısı tapmaqla qazanırdı. Sonra hamının eyni sxemlə aldadılmasına başlanıldı. Bütün bunların isə heç bir iqtisadi əsası yoxdur. Çünki ortada gerçək əmtəə münasibətləri gözə dəymir. Maliyyə savadlılığının aşağı olması aldananların sayını yalnız artırır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »