İran parlamentinin (Məclisin) sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın ölkəyə endirdiyi son zərbələrdən sonra bildirib ki, Hörmüz boğazı yalnız Tehranın irəli sürdüyü şərtlər yerinə yetirildiyi təqdirdə açılacaq və bu məsələ Vaşinqtonun təhdidləri ilə həll olunmayacaq.
Bizimyol.info xəbər verir ki, Məhəmməd Baqir Qalibaf bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mənasız yerə çırpınmayın, əks halda daha da dərinliyə batacaqsınız. Hörmüz boğazı yalnız İranla əldə olunacaq razılaşmalar yerinə yetirildikdən sonra açılacaq, ABŞ-ın təhdidləri ilə yox", - deyə o bildirib.
O vurğulayıb ki, ABŞ-ın hədələri və verdiyi vədləri pozması artıq nəticəsiz qalmır. "Açıq deyirəm: əgər siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız", – deyə Qalibaf əlavə edib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisində yerləşən hərbi obyektlərə yeni zərbələr endirildiyini açıqlamışdı. Bildirilirdi ki, bu əməliyyatların məqsədi İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətməkdir.
Məlumata görə, İranın Əkkələ, Bəndər-Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, həmçinin Əbu Musa adasında və Buşehr əyalətinin bəzi bölgələrində partlayışlar qeydə alınıb.
Bizimyol.info






