ABŞ-ın İrana endirdiyi son hava zərbələri nəticəsində ölkənin ən böyük liman şəhəri olan Bəndər-Abbasda yerləşən strateji obyektlərə ciddi ziyan dəyib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun yeni hücumları zamanı İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun mühüm obyektlərinin yerləşdiyi liman ərazisində güclü partlayışlar baş verib və səmaya qalın tüstü qalxıb.
ABŞ Prezidenti Donald Tramp əməliyyatın cavab tədbiri xarakteri daşıdığını bildirərək, İranı ticarət gəmilərinə qarşı hücumların təkrarlanacağı təqdirdə daha sərt addımlar atılacağı ilə xəbərdar edib.
İran KİV-lərinin məlumatına görə, zərbələr əsasən ölkənin cənub sahillərində – Hörmüz boğazından Oman körfəzinə qədər uzanan ərazilərdə endirilib. Bəndər-Abbasla yanaşı, Konarak və Çabahar şəhərləri də hücumların hədəfi olub.
Ölkə mətbuatının yaydığı məlumata əsasən, Çabaharda elektrik enerjisi təchizatında fasilələr yaranıb, lakin sonradan bəzi rayonlarda enerji təchizatı qismən bərpa edilib. Şəhərdə yerləşən dəniz hərəkətini idarəetmə qülləsinə də birbaşa zərbə endirildiyi bildirilir.
İran dövlət mediası həmçinin İranşəhr hava limanının vurulduğunu, hadisə nəticəsində bir yanğınsöndürənin həlak olduğunu açıqlayıb. Ölkənin şimalında isə Akkala şəhəri yaxınlığındakı dəmir yolu körpüsü zədələnib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın zərbələrinin iki ölkə arasında mövcud memorandumun şərtlərini pozduğunu və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyə dair öhdəlikləri şübhə altına aldığını bildirib.
İranın BMT-dəki daimi nümayəndəliyi məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi məktub göndərərək Vaşinqtonu BMT Nizamnaməsini pozmaqda ittiham edib.
Bununla yanaşı, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının nümayəndəsi ölkəsinin cavab tədbiri kimi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı, nüvə doktrinasını dəyişməyi və Bab əl-Məndəb boğazını bağlamağı nəzərdən keçirdiyini açıqlayıb.
Bizimyol.info






