Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalibaf: ABŞ-la danışıqlar dayanıb, İran güc tətbiq etməyə hazırdır
Qalibaf: ABŞ-la danışıqlar dayanıb, İran güc tətbiq etməyə hazırdır

İran parlamentinin sədri və ölkənin danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf regiondakı son siyasi proseslər, İslamabad Memorandumu və İsveçrədə keçirilən təmaslarla bağlı geniş açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, o, ABŞ-la aparılan danışıqların hazırda dayandırıldığını, Tehranın isə razılaşmanın öhdəliklərinin yerinə yetirilməsində israrlı olduğunu bildirib.

Qalibafın sözlərinə görə, İslamabad Memorandumu imzalandıqdan sonra Pakistanın baş nazirinin müharibənin başa çatdığını elan etməsi və ABŞ Prezidenti Donald Trampın dəniz blokadasının ləğv olunduğunu açıqlaması sənədin ən mühüm nəticələrindən olub. O vurğulayıb ki, hazırda əsas məqsəd razılaşmanın ilk maddələrinin tam icrasını təmin etməkdir.

İran rəsmisi bildirib ki, memorandumun əsas müddəalarından biri Livanda müharibənin dayandırılması, insanların öz evlərinə qayıtması və ölkənin ərazi bütövlüyünün bərpa olunmasıdır. Onun sözlərinə görə, razılaşmadan sonra Cənubi Livana hücumların miqyası əhəmiyyətli dərəcədə azalıb.

Qalibaf qeyd edib ki, İsveçrəyə səfərin məqsədi yeni danışıqlar aparmaq deyil, memorandumun ilk beş maddəsinin icrasını müzakirə etmək olub. O əlavə edib ki, Tehran ABŞ-la yalnız həmin öhdəliklər yerinə yetirildikdən sonra növbəti mərhələyə keçə bilər.

İran parlamentinin sədri ABŞ-ı etibarsız tərəfdaş adlandıraraq bildirib ki, Vaşinqton öhdəliklərini pozacağı təqdirdə Tehran buna dərhal cavab verəcək. Onun sözlərinə görə, Fars körfəzində baş verən son hadisələr, eləcə də ABŞ-ın Bəhreyn və Küveytdəki hərbi obyektlərinə edilən hücumlar atəşkəs pozuntularına cavab xarakteri daşıyıb.

Qalibaf həmçinin vurğulayıb ki, İranın raket proqramı, müdafiə potensialı və uranın zənginləşdirilməsi hüququ danışıq mövzusu deyil. O bildirib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində öhdəliklərinə sadiq qalsa da, zənginləşdirmə hüququndan imtina etməyəcək.

Rəsmi şəxs Hörmüz boğazının İran üçün əsas strateji üstünlüklərdən biri olduğunu da qeyd edib. Onun sözlərinə görə, dəniz blokadasının aradan qaldırılmasından sonra İran 40 milyon bareldən çox neft ixrac edib və ölkənin neft satışından əldə etdiyi gəlirlər artıb. Qalibaf bildirib ki, Hörmüz boğazında nəzarət İran və Omana məxsusdur və Tehran bu bölgədəki hüquqlarından heç bir halda geri çəkilməyəcək.

Sonda Qalibaf bəyan edib ki, İslamabad Memorandumu ABŞ və İsrailin məğlubiyyətini təsdiqləyən sənəddir. Onun sözlərinə görə, İran razılaşmanın icrasını diplomatik yollarla izləməyə davam edəcək, lakin lazım gəldiyi təqdirdə öz maraqlarını hərbi güclə də müdafiə etməyə hazırdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »