Vətəndaş sosial mediada bildirir ki, marketdən aldığınız yumurtaların üzərində yazılan kiçik rəqəmlərin izahı var.
Yumurtanın üzərində gördüyünüz 3 rəqəmi qəfəs sistemini bildirir. Bir toyuğa ayrılan maksimum sahə təxminən bir A4 vərəqindən də kiçik olur. Bu toyuqlar bütün ömürlərini qəfəsdə keçirirlər. Yerə basa bilmirlər, torpağı eşələyə bilmirlər və təbii instinktlərindən məhrum olduqları üçün bütün həyatlarını əziyyət içində yaşayırlar.
2 rəqəmi qəfəssiz quşçuluq sistemini göstərir. Bu sistemdə toyuqlar yerə basa bilir, hinin içində sərbəst hərəkət edir və yumurtlamaları üçün ayrılmış yuvaları olur. Açıq havaya çıxışları olmasa da, qəfəs sistemi ilə müqayisədə şəraitin daha yaxşı olduğunu demək olar.
Yumurtanın üzərində 1 rəqəmi gəzən toyuq sistemidir. Bu sistemdə toyuqlar müəyyən vaxtlarda açıq havaya çıxa bilir, torpağa basmaq, gəzmək kimi təbii davranışlarını yerinə yetirə bilirlər.
Sonda isə 0 rəqəmi üzvi (orqanik) istehsal sistemini ifadə edir. Bu sistemdə açıq havaya çıxışla yanaşı, orqanik yemdən istifadə kimi əlavə qaydalar da tətbiq olunur.
Yumurtaların üzərində gördüyünüz həmin kiçik rəqəmlər əslində toyuqların necə bir həyat yaşadığını bizə göstərir.
- Yumurtaların üzərindəki 0, 1, 2 və 3 kodları qida keyfiyyəti və istehlakçı seçimlərinə necə təsir edir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov bildirib ki, 0 kodu işarələnən yumurtalar baha olur: “Yumurtalar bəlli bir kodlaşma üzərindən istehsalata gedir və bunun nəticəsində də istehsalla bağlı olan son istifadə tarixi və istehsal tarixi ilə bağlı məlumat öz əksini tapır. Ümumiyyətlə, yumurtaların üzərindəki kodlaşdırmada 0 ilə başlayan məhsullar üzvi (orqanik) hesab olunur. Burda toyuqlar həm açıq havada gəzir, həm də yalnız təbii və kimyəvi qatqısız yemlərlə qidalandığı zaman həmin 0 kodu yumurtada göstərilir. Qiyməti kifayət qədər baha olur. 1 kodu ilə işarələnən yumurtalar gəzən toyuqlar adlanır. İngilis dilində, Beynəlxalq yanaşmada bunun adına “free range” deyilir. Burada toyuqlar günün müəyyən hissəsində geniş açıq havaya çıxış imkanı olur, torpağa çıxış imkanı olur.
2 kodu ilə işarələnən sistem isə həyət, hin – “barn” şəraitidir - burada qəfəs yoxdur, toyuqlar qapalı məkanda sərbəst hərəkət edirlər, lakin açıq havaya çıxışları olmur.
3 kodu ilə işarələn yumurtalar “cage” (qəfəs) sisteminə aiddir - sənaye tipli istehsal üsuludur. Bu sistemdə toyuqlar dar qəfəslərdə saxlanılır və hərəkət imkanları minimum olur. Bu 0 kodu ilə göstəricidə aşağı keyfiyyətli yumurtadır”.
Seymur Qafarov deyib: “Ümumiyyətlə, bu kodlaşdırma istehlakçıya əvvəlcədən məlumat verməyi hədəfləyir və yumurtaların istehsal şəraitinə görə keyfiyyət göstəriciləri arasında fərqlər yaranır. Yumurtanın üzərində göstərilən bu kodlar keyfiyyət və istehlakçı seçimlərini asanlaşdırmaq məqsədi daşıyır. Yumurta məhsullarını alarkən əsas vacib məqamlardan biri onların xarici görünüşüdür. Çatlaqları olan, daxilində qüsurlar görünən və qeyri-oval formalı yumurtaların alınmasından uzaq durulmalıdır. Həddindən artıq kiçik ölçülü yumurtalar da məhsuldarlığın aşağı keyfiyyətli olduğunu bildirir. Ona görə də istehlakçılar bu məhsulu alarkən diqqətli olmalı, həmçinin yumurtaların saxlanma şəraitinə də nəzarət etməlidirlər”.
Seymur Qafarov əlavə edib: “Qida təhlükəsizliyi baxımından yumurtanın qabıq hissəsində salmonella bakteriyası riski olması ilə əlaqədar, onlar məişətdə, istehsalatda və qənnadı məhsullarının hazırlanmasında istifadə edilməzdən əvvəl xüsusi şəkildə yuyulmalı və dezinfeksiya olunmalı, ondan sonra istifadəyə verilməlidir”.
Günel Həsənova, Bizimyol.info






