Gələn həftə Ankarada (Türkiyə) keçiriləcək NATO sammitində müttəfiqlər Ukraynaya təhlükəsizlik sahəsində davamlı, proqnozlaşdırıla bilən və uzunmüddətli yardım təmin etməyi öhdələrinə götürəcəklər.
"Report"un verdiyi məlumata görə, bunu Alyansın Baş katibi Mark Rütte Berlində Almaniya Kansleri Fridrix Merts və müdafiə naziri Boris Pistoriusla birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, sammit iştirakçıları həmçinin müdafiə xərclərinin artırılmasına, silah istehsalının çoxaldılmasına və Alyans ölkələrində müdafiə sənayesinin inkişafına diqqəti cəmləyəcəklər.
M.Rütte qeyd edib ki, Rusiyaya qarşı təzyiqi qoruyub saxlamaq lazımdır, çünki onun sözlərinə görə, hətta Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra da Moskva Avroatlantik təhlükəsizlik üçün uzunmüddətli təhdid olaraq qalacaq.
Alyansın Baş katibi, həmçinin Almaniyanın müdafiə xərclərini artırmaq səylərini yüksək qiymətləndirərək bildirib ki, ölkə 2029-cu ilə qədər hərbi xərcləri ÜDM-in 3,5 %-i səviyyəsinə çatdırmağa çalışır. Alyansın Baş katibi bunu təhlükəsizliklə bağlı vəziyyətin pisləşdiyi bir şəraitdə "nəzərəçarpan nailiyyət" və siyasi qətiyyət nümunəsi adlandırıb.






