Rusiya Cənubi Qafqazda formalaşan yeni nəqliyyat-kommunikasiya layihələrində iştirak etmək niyyətini bir daha bəyan edib. Moskva hesab edir ki, regionda həyata keçirilən təşəbbüslər Rusiyanın iştirakı ilə daha səmərəli nəticə verə bilər.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə müsahibəsində bildirib ki, Ermənistanın ABŞ ilə reallaşdırdığı TRIPP layihəsinə Rusiyanın qoşulması təşəbbüsün imkanlarını genişləndirə bilər. Onun sözlərinə görə, Moskvanın təcrübəsi və regiondakı mövqeyi layihənin icrasına müsbət təsir göstərə bilər.
Qaluzin xatırladıb ki, 2022–2023-cü illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalarda da regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdi. O bildirib ki, həmin razılaşmalar Cənubi Qafqazda kommunikasiyaların açılması üçün hüquqi və siyasi baza yaradır.
Rusiyalı diplomatın sözlərinə görə, nəqliyyat marşrutlarının açılması region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi əsasında həyata keçirilməlidir. O vurğulayıb ki, kommunikasiyaların bərpası bütün iştirakçı dövlətlər üçün qarşılıqlı iqtisadi fayda yaratmalı və regional əməkdaşlığın genişlənməsinə xidmət etməlidir.
Rusiyanın TRIPP layihəsində iştirak etmək israrı regionda nəqliyyat-kommunikasiya marşrutlarına nəzarəti saxlamaq strategiyasının tərkib hissəsidir, yoxsa bu, həqiqətən də layihənin iqtisadi səmərəliliyini artıracaq amil kimi qiymətləndirilə bilər?
Politoloq Taleh Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cənubi Qafqaz bu gün də ABŞ, Rusiya, eləcə də İran üçün geosiyasi maraqların toqquşduğu region olaraq qalır. Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanın da böyük dəstək verdiyi iqtisadi və geosiyasi təşəbbüslər fonunda Çinin də "Bir kəmər, bir yol" layihəsi çərçivəsində bölgəyə marağı artıb.
Politoloq hesab edir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər səmimi deyil.
Onun fikrincə, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli danışıqların dayandırılması, əvəzində isə Bakının təşəbbüsü ilə vasitəçilərsiz ikitərəfli danışıqların başlanmasının əsas səbəblərindən biri Rusiyanın danışıqlar prosesində Azərbaycan və Ermənistanın deyil, daha çox öz regional maraqlarını ön plana çıxarması idi.
“Oxşar yanaşma Brüsselin fəaliyyətində də hiss olunurdu. ABŞ isə digər vasitəçilərlə müqayisədə region ölkələrinin maraqlarına daha çox üstünlük verirdi.
Məhz Bakının təşəbbüsü ilə əldə olunan ikitərəfli razılaşmanın yekun sənədi 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanıb. Rusiyanın səmimi mövqe nümayiş etdirməməsi səbəbindən həm Azərbaycan, həm də Ermənistan Moskvanın vasitəçiliyindən imtina edərək birbaşa razılığa gəlib. Bu sənədin ABŞ-də imzalanması isə Vaşinqtonun regiondakı rolunu daha da gücləndirib”-deyə Taleh Əliyev bildirib.
Taleh Əliyev bildirib ki, Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı və cəmiyyət arasında da bu adla tanınan marşrutun TRIPP marşrutu kimi qəbul edilməsi, həmçinin Ermənistan hökuməti ilə ABŞ hökuməti arasında beynəlxalq şirkətin yaradılması barədə razılaşma Rusiyanın bu layihədə iştirakına artıq ehtiyac qalmadığını göstərir. Razılaşmaya əsasən, şirkətin səhmlərinin 76 faizi ABŞ-a, 24 faizi isə Ermənistana məxsus olacaq.
Onun sözlərinə görə, Ermənistanın bu layihəyə Rusiyanın cəlb olunmasında maraqlı olması inandırıcı görünmür. Çünki ölkədə baş verən proseslər və ümumilikdə geosiyasi vəziyyət göstərir ki, Ermənistan sürətlə Rusiyadan asılılığını azaltmağa çalışır. Bu baxımdan, regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyan belə bir layihəyə hazırkı Ermənistan hökumətinin Rusiyanın qoşulmasına şərait yaradacağı gözlənilmir.
Politoloq vurğulayıb ki, Ermənistan müxtəlif vasitələrlə ölkəsindəki Rusiya layihələrini mərhələli şəkildə başa çatdırmağa və bununla da Moskvanın təsirini minimuma endirməyə çalışır.
Onun fikrincə, bu proses davam edərsə, Rusiya təkcə Ermənistana deyil, bütövlükdə Cənubi Qafqaz regionuna təsir imkanlarını da əhəmiyyətli dərəcədə itirəcək.
İradə Cəlil, Bizimyol.info






