Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektrikli avtomobillərin batareyaları həqiqətən tez sıradan çıxır?
Elektrikli avtomobillərin batareyaları həqiqətən tez sıradan çıxır?

Elektrikli avtomobillərlə bağlı ən çox müzakirə olunan mövzulardan biri məhz batareyaların istismar müddətidir. Bəziləri hesab edir ki, bu batareyalar bir neçə ildən sonra yararsız hala düşür və onların dəyişdirilməsi böyük maliyyə yükü yaradır.

Son tədqiqatlarda 2023-cü ilə qədər istehsal edilmiş təxminən 15 min elektrikli avtomobilin texniki vəziyyəti araşdırılıb. Məlum olub ki, batareyanın nasazlıq səbəbindən dəyişdirilməsi cəmi 2,5 faiz təşkil edir.

Hazırda elektrikli avtomobillərin 97,5 faizi hələ də istehsalçı tərəfindən quraşdırılmış ilkin batareya ilə istismar olunur.

  • Bəs bu miflərin əsası nədir?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə iddialar vaxtaşırı həm mətbuatda, həm sosial şəbəkələrdə gündəmə gəlir. Lakin elektromobil istifadəçiləri ilə danışdıqda, onların əksəriyyəti bu fikirlərin reallığı əks etdirmədiyini bildirir. Üstəlik, müasir texnologiyalar sayəsində elektromobillərin batareya və akkumulyatorları əvvəlki illərlə müqayisədə daha uzunömürlü və etibarlı olub.

Ekspertin fikrincə, problemlər daha çox avtomobil rəsmi diler və ya distribyutordan deyil, qeyri-rəsmi yollarla alındıqda ortaya çıxa bilər. Belə hallarda avtomobil istehsalçı zəmanətindən məhrum olur.

“Batareya və ya akkumulyatorda nasazlıq yarandıqda, onların təmiri və ya dəyişdirilməsi sahibinə əlavə maliyyə yükü yarada bilər.

Əgər elektromobil rəsmi satış mərkəzindən alınıb və istehsalçı zəmanəti qüvvədədirsə, batareya ilə bağlı yaranan problemlər adətən zəmanət çərçivəsində həll olunur. Bu baxımdan, elektromobil alarkən ən vacib məsələlərdən biri onun rəsmi zəmanətə malik olub-olmamasına diqqət yetirməkdir”-deyə Eldəniz Cəfər bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »