Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” adlı monoqrafiyası nəşr olunub. Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatında nəfis şəkildə yayımlanan, I Türkoloji Qurultayın 100 illiyinə ithaf olunan kitabın elmi redaktoru professor Tofiq Məlikli, ön sözün müəllifi professor Osman Fikri Sertkaya, rəyçiləri isə professor Sebahattin Şimşir və professor Pərvanə Bayramdır.

XX yüzil Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, dünya şöhrətli türkoloq, uzun illər İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmış Əhməd Cəfəroğlu haqqında yazılan monoqrafiyada onun folklorla bağlı araşdırmaları sistemli təhlil obyektinə çevrilmişdir. Kitabda alimin folklorşünaslıq araşdırmaları türkoloji tədqiqatları ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.
Monoqrafiyaya yazdığı ön sözdə Əhməd Cəfəroğlunu Mahmud Kaşğarlı və Fridrix Vilhelm Radloffdan sonra dünyanın üçüncü böyük türkoloqu kimi dəyərləndirən professor Osman Fikri Sertkaya onun həyatının gizli məqamlarına toxunmuş, yazılarına görə İ.V.Stalinin təkidi ilə Sovet Rusiyasına təhvil verilməsinin istəndiyini, lakin Mustafa Kamal Atatürkün müvəqqəti olaraq universitetdən uzaqlaşdırmaqla məsələni yoluna qoyduğunu qeyd etmişdir.
Monoqrafiyanın “Sayaçı sözlərinin arxaik düşüncə qatları”, Azərbaycan bayatılarının Avropada tanıdılması”, “İnanc və ovsunların funksional-semantik təhlili”, “Paremioloji vahidlərin fərqli yozumu”, “Türk mifoloji sistemi onomastik düşüncə axarında”, “Qopuzun dünya kültüründə yeri və aşıq sənəti”, “Əfsanə, lətifə və nağılların ideya-estetik özəllikləri”, “Türk epik ənənəsi və dastan poetikası”, “Folklor mətnlərinin toplanması və sistemləşdirilməsi sahəsindəki fəaliyyəti”, “Tanıtım yazıları” və başqa bölmələrində Əhməd Cəfəroğlunun zəngin folklor araşdırmaları sistemli şəkildə təhlilə çəkilmişdir.
Kitabda, eyni zamanda Əhməd Cəfəroğlunun türkologiyaya töhfələri barədə geniş bəhs olunmuş, həmçinin xatirələr işığında həyat və yaradıcılığının bilinməyən məqamlarına toxunulmuşdur.






