ABŞ-ın texnologiya nəhəngi "Microsoft" növbəti kadr ixtisarına hazırlaşır.
Bizimyol.info xəbər verir ki, BBusiness Insider" nəşrinin şirkət daxilindəki mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi açıqlama artıq gələn həftə verilə bilər.
Məlumata əsasən, planlaşdırılan ixtisarlar şirkətin dünya üzrə əməkdaşlarının 2,5 faizindən az hissəsini əhatə edəcək. Bu isə bir neçə min nəfərin işdən çıxarılması deməkdir.
İxtisarların əsasən konsaltinq, satış və "Xbox" oyun bölməsində çalışan əməkdaşlara təsir edəcəyi bildirilir. Hazırda "Xbox" bölməsində struktur dəyişiklikləri həyata keçirilir. "Microsoft"un oyun biznesinə rəhbərlik edən Aşa Şarma daha əvvəl bu istiqamətdə genişmiqyaslı yenidənqurmaya ehtiyac olduğunu açıqlamışdı.
Məlumata görə, şirkət "Xbox" bölməsinin ayrıca törəmə müəssisəyə çevrilməsi və ya müstəqil biznes kimi fəaliyyət göstərməsi variantlarını da nəzərdən keçirir. Bundan əvvəl komponentlərin bahalaşması səbəbindən "Xbox" oyun konsollarının qiymətləri də artırılmışdı.
Şirkətin xərcləri azaltmaq qərarının əsas səbəblərindən biri süni intellekt infrastrukturuna yatırımların əhəmiyyətli dərəcədə artırılması göstərilir. Qeyd olunur ki, oxşar strategiyanı "Meta" və "Amazon" kimi digər böyük ABŞ texnologiya şirkətləri də tətbiq edir. Həmin şirkətlər bəzi istiqamətlər üzrə xərcləri azaldaraq süni intellekt layihələrinə investisiyaları artırırlar.
Gözlənilir ki, bu dəfəki ixtisarlar ötən il baş verən kütləvi işdən çıxarmalardan daha məhdud olacaq. "Microsoft" 2025-ci ilin may ayında 6 min, iyul ayında isə daha 9 min əməkdaşı işdən azad etmişdi. Beləliklə, ötən il şirkətdə ümumilikdə 15 min iş yeri ləğv olunmuşdu.
2026-cı ildə şirkət tarixində ilk dəfə könüllü erkən pensiya proqramı tətbiq edilib. Kompensasiya ödənişlərini nəzərdə tutan bu proqram sayəsində məcburi ixtisarların miqyasının müəyyən qədər azaldığı bildirilir. Məlumata görə, proqramdan iştirak hüququ olan əməkdaşların təxminən üçdə biri yararlanıb.
"Microsoft"un ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi illik hesabata əsasən, 2025-ci il iyunun 30-na şirkətdə 228 min nəfər çalışırdı. Hazırda isə əməkdaşların sayının təxminən 220 min olduğu bildirilir.
"Microsoft" rəhbərliyi hələlik ixtisarlarla bağlı yayılan məlumatlara rəsmi münasibət bildirməyib.
Bizimyol.info






