ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın yenidən başlanacağı ilə bağlı iddiaları təsdiqləməyib. O, Vaşinqtonla Tehran arasında vəziyyətin hazırda müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Bazasından Şimali Dakota ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyat keçirib-keçirməyəcəyi ilə bağlı suala münasibət bildirib.
"Fikrimcə, onlar əhəmiyyətli dərəcədə geri çəkiliblər. Ötən həftə onlara çox ciddi zərbə endirdik", – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, hazırkı mərhələdə əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
"Onların vəziyyətinin normal olduğunu düşünürəm. Məsələ İranın nüvəsizləşdirilməsidir, hər şey çox sadədir. İranın nüvə silahına sahib olmasına yol verilə bilməz", – deyə o bildirib.
Beləliklə, ABŞ prezidenti İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatın başlanacağı ilə bağlı konkret niyyət ifadə etməsə də, Vaşinqtonun əsas prioritetinin Tehranın nüvə proqramının hərbi istiqamətdə inkişafının qarşısını almaq olduğunu bir daha vurğulayıb.
Bizimyol.info






