NATO-nun kritik hərbi rabitə infrastrukturunda istifadə olunan elektron maneələrə davamlı peyk rabitə sistemi Türkiyənin müdafiə sənayesi şirkəti CTECH tərəfindən hazırlanır.
Bizimyol.info xəbər verir ki, şirkət rəhbərliyinin açıqlamasına görə, alyansın tələblərinə tam cavab verən bu texnologiyanı hazırda dünyada yalnız Türkiyə və Fransa inkişaf etdirə bilir.
CTECH-in baş direktoru Cüneyd Fırat bildirib ki, NATO-nun özünə məxsus ordusu olmasa da, alyansın fəaliyyətində komanda-idarəetmə və təhlükəsiz rabitə infrastrukturu əsas rol oynayır. Onun sözlərinə görə, şirkətin hazırladığı elektron müdaxilələrə qarşı davamlı təhlükəsiz peyk modemi NATO-nun istifadəsinə təqdim olunub və bu, Türkiyənin alyansa indiyədək təqdim etdiyi ən yüksək texnologiyalı həllərdən biri hesab edilir.
Şirkət rəhbəri qeyd edib ki, bu layihə CTECH üçün beynəlxalq bazarda yeni imkanlar yaradıb. Hazırda Səudiyyə Ərəbistanı, Qətər və Malayziya ilə hərbi peyk rabitə sistemlərinin tədarükü istiqamətində intensiv danışıqlar aparılır. Məlumata görə, Malayziya ilə müqavilənin ilin sonunadək imzalanması ehtimalı yüksək qiymətləndirilir.
Bununla yanaşı, CTECH Baltik regionundan bir ölkə və NATO üzvü olan Cənubi Avropa dövləti ilə də əməkdaşlıq imkanlarını müzakirə edir. Şirkət gələcəkdə məhsullarını daha çox NATO ölkəsinə ixrac etməyi hədəfləyir.
CTECH-in hazırladığı "SecureArx" peyk rabitə sistemi elektron maneələrə qarşı yüksək dayanıqlılığı ilə seçilir və NATO daxilində maraq doğuran texnologiyalardan biri kimi qiymətləndirilir. Şirkət rəhbərliyi bu məhsulun həm CTECH-in, həm də Türkiyənin müdafiə sənayesi sahəsində beynəlxalq nüfuzunun güclənməsinə töhfə verdiyini vurğulayır.
Bizimyol.info






