Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal iqlim idarəçiliyində etimad böhranı yaranırmı?
Qlobal iqlim idarəçiliyində etimad böhranı yaranırmı?

“Financial Times”ın məlumatına görə, Dünya Bankı iqlim layihələrinin maliyyələşdirilməsi üzrə 45 faizlik hədəfi strateji planından çıxarıb. Bildirilir ki, qərar səhmdarlar arasında aparılan müzakirələrdən sonra qəbul edilib və bu prosesdə ABŞ-ın həlledici təsiri olub. Bununla belə, Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə proqramlarını davam etdirəcəyini açıqlayıb, dəyişən yalnız maliyyələşdirmə üzrə konkret faiz öhdəliyinin sənəddən çıxarılmasıdır.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərar ilk baxışda texniki xarakterli görünsə də, əslində qlobal iqlim siyasətinin gələcək istiqaməti baxımından mühüm siyasi siqnal daşıyır.

Onun sözlərinə görə, Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizədən imtina etmir, lakin öz üzərinə götürdüyü konkret maliyyə faiz öhdəliyini yumşaldır. Bu isə beynəlxalq maliyyə institutlarının fəaliyyətində geosiyasi maraqların və səhmdar dövlətlərin siyasi iradəsinin daha çox rol oynadığını göstərir.

Politoloq deyib ki, iqlim maliyyələşdirilməsi üzrə konkret hədəflərin aradan qaldırılması inkişaf etməkdə olan ölkələr üçün müəyyən qeyri-müəyyənlik yarada bilər. Çünki bir çox dövlət yaşıl enerji, iqlim adaptasiyası və karbon emissiyalarının azaldılması kimi layihələri məhz beynəlxalq maliyyə institutlarının uzunmüddətli öhdəliklərinə əsaslanaraq planlaşdırır. Faiz hədəfinin ləğvi gələcək maliyyələşmənin həcmi ilə bağlı suallar doğura, bəzi layihələrin icrasını ləngidə və beynəlxalq əməkdaşlıq mühitində ehtiyatlı yanaşmanı gücləndirə bilər.

Bununla yanaşı, Tural İsmayılov bu qərarı qlobal iqlim idarəçiliyinin tam iflası və ya etimad böhranının başlanğıcı kimi qiymətləndirməyin doğru olmadığını vurğulayıb.

“Dünya Bankı iqlim proqramlarını davam etdirəcəyini açıq şəkildə bəyan edir. Sadəcə olaraq, maliyyələşmənin məcburi faiz göstəricisindən imtina edilməsi daha çevik qərarvermə mexanizminə keçid kimi dəyərləndirilə bilər.

Lakin beynəlxalq təşkilatların öhdəliklərinin tez-tez dəyişdirilməsi uzunmüddətli etibarlılığa təsir göstərə və tərəfdaş ölkələrdə proqnozlaşdırıla bilənliklə bağlı narahatlıqları artıra bilər” - deyə o deyib.

O, həmçinin bu qərarın qəbulunda ABŞ-ın həlledici rolunu qlobal maliyyə institutlarının böyük dövlətlərin siyasi və iqtisadi prioritetlərindən hələ də ciddi şəkildə asılı olduğunu göstərən mühüm məqam kimi qiymətləndirib. Bu tendensiya beynəlxalq təşkilatların müstəqilliyi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirə bilər.

Sonda politoloq bildirib ki, söhbət hələlik iqlim siyasətindən imtina deyil, onun maliyyələşdirilmə modelinin yenidən tənzimlənməsindən gedir: “ Lakin bu kimi addımların davamlı xarakter alması qlobal iqlim gündəliyində koordinasiyanın zəifləməsi, inkişaf etməkdə olan ölkələrin maliyyə gözləntilərinin azalması və iqlim əməkdaşlığının əvvəlki qədər vahid siyasi iradə ilə müşayiət olunmaması riskini yarada bilər”.

Onun fikrincə, Dünya Bankının gələcək praktiki maliyyələşdirmə siyasəti bu qərarın texniki düzəliş, yoxsa daha geniş strateji kurs dəyişikliyi olduğunu göstərəcək əsas meyar olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »