Məktəblərdə mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar şagirdlərin dərs zamanı diqqətinin yayınmasının qarşısını almaq və daha səmərəli tədris mühiti yaratmaq məqsədi daşıyır.
Qaydalara əsasən, mobil telefonlardan dərs müddətində istifadə edilməyəcək, yalnız müəllimin icazəsi ilə tədris məqsədləri üçün istifadə oluna biləcək.
Bu yanaşma məktəblərdə kiberbullinq, gizli çəkilişlər və şəxsi məlumatların qanunsuz yayılması kimi rəqəmsal risklərin azalmasına da xidmət edir.
Bu qaydaların tətbiq ediləcəyi ilə bağlı məlumatlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Belə hesab olunur ki, telefon qadağası məktəblərdə baş verən qanunsuzluqların ictimailəşməsinin qarşısını almaq üçün tətbiq edilir.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəblərdə smartfon qadağası və təhsil sənədlərinin rəqəmsallaşdırılması qlobal miqyasda gedən rəqəmsal transformasiyanın tərkib hissəsidir.
"Bu islahatlara birtərəfli deyil, həm tədris metodikası, həm hüquqi aspektlər, həm də kibertəhlükəsizlik prizmasından yanaşmaq daha doğru olar", – deyə ekspert bildirib.
Ekspert hesab edir ki, bu qərarın arxasında duran ən vacib motiv rəqəmsal detoks vasitəsilə koqnitiv funksiyaların bərpasıdır.
"Ümumiyyətlə, tədqiqatlar göstərir ki, smartfonların sinifdə olması, hətta söndürülmüş vəziyyətdə masanın üzərində və ya çantada saxlanılması belə, beynin diqqətini yayındırır. Şagird davamlı olaraq bildiriş gözləyir və bu da dərsin mənimsənilməsini 30–40 faiz aşağı salır. Bu, yalnız Azərbaycan mühiti üçün deyil, ümumilikdə beynəlxalq səviyyədə aparılmış tədqiqatların nəticəsidir", – deyə ekspert bildirib.
Onun fikrincə, telefonlar tənəffüslərdə də uşaqların canlı ünsiyyətini minimuma endirir, onların sosiallaşmasını zəiflədir. Eyni zamanda, gizli çəkilən foto və videolar həm şagirdlərin, həm də müəllimlərin kiberməkanda hədəfə çevrilməsinə şərait yaradır. Bu isə kiberbullinq riskini artırır.
İlqar Orucov məktəb mühitində baş verən qanunsuzluqların ifşası məsələsində vətəndaş cəmiyyətinin narahatlığını başa düşdüyünü bildirsə də, hesab edir ki, məktəb istintaq orqanı deyil. Müəllimin və ya şagirdin hüquqlarının pozulduğu anda emosional şəkildə çəkilən, sonradan kontekstdən çıxarılaraq sosial şəbəkələrdə yayılan foto və videolar çox vaxt obyektiv mənzərəni əks etdirmir və təhsil müəssisəsinin nüfuzuna əsassız zərər vurur.
Ekspert hesab edir ki, şəffaflıq fərdi telefonlarla deyil, dövlət tərəfindən quraşdırılmış, mərkəzləşdirilmiş və audit oluna bilən məktəbdaxili müşahidə kamera sistemləri ilə təmin edilməlidir.
"Ümumilikdə, məktəblərdə sərt cəza sistemlərinin, məsələn, böyük məbləğdə cərimələrin və ya məktəbdən xaric edilmənin birmənalı olaraq əleyhinəyəm. Bu, düzgün yanaşma deyil. Çünki belə tədbirlər şagirddə təhsilə qarşı aqressiya formalaşdıra bilər.
Optimal yanaşma bərpaedici ədalət prinsiplərinə əsaslanmalıdır. Tədris ilinin əvvəlində valideyn, şagird və məktəb rəhbərliyi arasında üçtərəfli davranış razılaşması imzalanmalıdır. Şagird qaydanı pozduqda cəzalandırıldığını deyil, öz imzaladığı öhdəliyi pozduğunu dərk etməlidir. Bu, onun məsuliyyət müqaviləsi rolunu oynayacaq", – deyə ekspert bildirib.
O vurğulayıb ki, prosesin hüquqi tənzimlənməsi də çox önəmlidir. Müəllimin şagirdin şəxsi əşyasını zorla əlindən almaq hüququ yoxdur. Standartlara uyğun olaraq şagird telefonu xüsusi izolyasiya edilmiş qutuya qoymalı və məktəb rəhbərliyinə təhvil verməlidir.
Təkrarlanan hallarda isə şagirdə cəza olaraq məktəbdənkənar ictimai işlər verilə bilər. Bu yanaşma rəqəmsal asılılığı faydalı fəaliyyətlə əvəz etməyə kömək edər.
İradə Cəlil, Bizimyol.info






