Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürülən ortaq əlifba və dil təşəbbüsləri üzv ölkələr arasında ünsiyyətin daha rahat qurulmasına, elmi və mədəni əməkdaşlığın genişlənməsinə, həmçinin informasiya mübadiləsinin daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yarada bilər.
Bu yanaşmanın əsas məqsədi heç bir ölkənin rəsmi dilini əvəz etmək deyil, əksinə, qarşılıqlı anlaşmanı gücləndirmək və inteqrasiya proseslərini daha funksional hala gətirməkdir. Mütəxəssislərin fikrincə, dil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi türk dünyasında ortaq layihələrin həyata keçirilməsini də asanlaşdıra bilər.
Erzincan Binali Yıldırım Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dekanı Kerem Karabulut Bizimyol.info xəbər portalına verdiyi açıqlamada bildirib ki, Türk Dövlətləri Təşkilatında ortaq əlifbanın tətbiqi bu ölkələrin ümumi sosial-iqtisadi, siyasi və mədəni inteqrasiyasında mühüm rol oynaya bilər. Onun fikrincə, bu proses hazırkı qlobal siyasi və iqtisadi reallıqlar baxımından da bir zərurət kimi qiymətləndirilməlidir.
Karabulut deyir ki, ABŞ və Avropa İttifaqı inteqrasiya yolu ilə güclü siyasi və iqtisadi mərkəzlərə çevrilə biliblər. Eyni şəkildə Çin, İran və Rusiya fərqli struktur və yanaşmalara malik olsalar da, əməkdaşlıq mexanizmləri sayəsində regional və qlobal miqyasda ciddi güc mərkəzləri formalaşdırıblar.
Onun fikrincə, türk dövlətləri isə etnik mənsubiyyət, din, mədəniyyət və dil baxımından ortaq köklərə sahib olduqları üçün daha yüksək inteqrasiya potensialına malikdirlər. Bu səbəbdən də onlar tam sosial-iqtisadi, siyasi və mədəni güc mərkəzinə çevrilmək imkanına sahibdirlər.
Kerem Karabulut əlavə edir ki, ortaq kökə sahib olan dillərin daha sistemli şəkildə uyğunlaşdırılması bu ölkələrin özləri ilə yanaşı, region və bütövlükdə dünya üçün də inkişaf və sabitlik baxımından müsbət nəticələr verə bilər.
Onun fikrincə, Türk dövlətlərinin tam inteqrasiyası birgə məktəblərin yaradılması, həmçinin Şuşa Bəyannaməsinin “Türk Dünyası Bəyannaməsi” kimi daha geniş çərçivəyə daşınması ilə mümkün ola bilər. Uzunmüddətli perspektivdə bu inteqrasiyanın iqtisadi və siyasi birliyə çevrilməsi, daha geniş coğrafiyalara açılması və beynəlxalq sabitliyə töhfə verən bir struktur halına gəlməsi də mümkündür.
“Bir sözlə, əvvəlcə dil birliyi, daha sonra isə iqtisadi və siyasi birliyin daha möhkəm şəkildə formalaşması qlobal siyasi və iqtisadi həyata mühüm töhfələr verə bilər”, – deyə o fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






