Son günlər sosial şəbəkələrdə məsciddə bir qrup şəxsin futbol oyunu izləməsini əks etdirən video yayılıb.
Görüntüləri sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamayıb. Müzakirələr zamanı bu cür halların müqəddəs məkanlarda baş verməsinin dini qaydalara uyğun olmadığı fikirləri də səsləndirilib.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məscid İslamda ilk növbədə Allahın zikr edildiyi, namaz qılındığı, Quran oxunduğu, elm öyrənildiyi və insanların mənəvi tərbiyə aldığı müqəddəs məkandır.
Onun sözlərinə görə, Qurani-Kərimdə buyurulur: "Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqasından qorxmayan kəslər abad edərlər" (Tövbə, 18). Bu ayə məscidin əsas missiyasının ibadət və mənəvi dirçəliş olduğunu göstərir.
Əkrəm Həsənov deyib ki, Məhəmməd peyğəmbərin (s.ə.s) dövründə məscid yalnız namaz qılınan yer olmayıb. Burada elm məclisləri keçirilib, səhabələrə təlim verilib, ictimai məsələlər müzakirə olunub, qonaqlar qəbul edilib, hətta bəzi idman xarakterli nümayişlərə də icazə verilib.
"Səhih hədislərdə deyilir ki, məsciddə həbəşlilər nizə oyunları göstərərkən Peyğəmbər (s.ə.s) buna mane olmayıb, hətta xanımı Aişə binti Əbu Bəkr ilə birlikdə onları izləyib. Bu hədis 'Səhih əl-Buxari' və 'Səhih Muslim' əsərlərində rəvayət olunur. Bu da onu göstərir ki, məsciddə baş verən hər bir dünyəvi fəaliyyət avtomatik olaraq haram hesab edilmir. Əsas meyar həmin işin məscidin hörmətinə, ibadət mühitinə və insanların diqqətinə necə təsir etməsidir", - deyə ilahiyyatçı bildirib.
Onun fikrincə, bu məsələyə ifrat yanaşmaq düzgün deyil. Əgər məsciddə idman yarışına baxmaq ibadət vaxtını, namazı, Quran tilavətini və ya məscidin mənəvi ab-havasını kölgədə qoyursa, yaxud insanlar arasında narazılıq yaradırsa, belə davranış məqsədəuyğun hesab edilə bilməz.
Əkrəm Həsənov bildirib ki, qədim İslam alimləri, o cümlədən, İmam ən-Nəvəvi və İbn Həcər əl-Əsqəlani bu hədisləri şərh edərkən vurğulayıblar ki, məsciddə icazə verilən işlər insanları Allahı xatırlamaqdan yayındırmamalı və məscidin ehtiramına xələl gətirməməlidir.
İlahiyyatçı əlavə edib ki, burada niyyət də mühüm amildir. Əgər söhbət Azərbaycan idmançısına qısa müddət dəstək göstərməkdən gedirsə, bu, dini hökm baxımından bir məsələdir. Məscidi əyləncə məkanına çevirmək isə tamamilə başqa məsələdir.
"Bir hadisəni qiymətləndirərkən niyyət, zaman, məkan və nəticə birlikdə nəzərə alınmalıdır. Son günlər yayılan görüntülər də məhz bu baxımdan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məncə, məscidin nüfuzu hər şeydən üstün tutulmalıdır. Cəmiyyət məscidə daxil olanda orada ilk növbədə ibadət, elm və mənəvi rahatlıq görməlidir. Mübah olan hər işi məscid daxilində etmək zəruri deyil. Çünki din yalnız halalları müəyyən etmir, həm də insanların qəlbində müqəddəs məkanlara hörmət hissini qorumağı tövsiyə edir. Buna görə də din xadimləri və məscid rəhbərləri belə məsələlərdə daha həssas davranmalı, cəmiyyətdə yanlış anlaşılmaya səbəb ola biləcək addımlardan çəkinməlidirlər. Bu, həm məscidin hörmətini qoruyar, həm də dinə qarşı lazımsız mübahisələrin yaranmasının qarşısını alar", - deyə Əkrəm Həsənov bildirib.
İradə Cəlil, Bizimyol.info






