ABŞ Konqresi İsrailə müdafiə sahəsində göstərilən dəstəyin məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüsün müzakirəsini dayandırıb. Halbuki daha əvvəl məsələnin plenar iclasda müzakirəyə çıxarılacağı gözlənilirdi.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri məlumat yayıb.
Dəyişiklik təşəbbüsünün müəllifləri Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Ro Hanna və respublikaçı Tomas Massi idi. Onlar maliyyələşdirmənin dayandırılması ilə bağlı müddəanı 2027-ci maliyyə ili üçün Milli Təhlükəsizlik üzrə Büdcə Qanunu layihəsinə daxil etməyi planlaşdırırdılar.
İlkin məlumatlara görə, Nümayəndələr Palatasının Qaydalar Komitəsi sözügedən düzəlişi əvvəlcə baxılmağa qəbul edilmiş hesab etmişdi ki, bu da hüquqi baxımdan onun tamhüquqlu müzakirəsi və səsverməsinə imkan yaradırdı. Lakin demokrat qanunvericilər arasında yaranan kəskin narazılıq və ciddi fikir ayrılığı səbəbindən komitə rəhbərliyi son anda proseduru ləğv edib.
Ro Hanna qərarı sərt tənqid edərək səsvermənin keçirilməsindən imtinanı qəbuledilməz adlandırıb. O bildirib ki, İsrail tərəfdarı lobbi qruplarının təzyiqlərinə baxmayaraq, təşəbbüsün tərəfdarları mübarizəni davam etdirəcəklər.
Müşahidəçilərin fikrincə, təşəbbüsün dayandırılmasının əsas səbəblərindən biri qanun layihəsindəki hüquqi və prosedur çatışmazlıqlar olub. Demokratlar Partiyasındakı mənbənin sözlərinə görə, sənəd peşəkar səviyyədə hazırlanmayıb. Layihədə istifadə olunan geniş ifadələr yalnız hərbi yardımı deyil, eyni zamanda İsrailə göstərilən diplomatik maliyyə dəstəyini də məhdudlaşdıra bilərdi. Bu isə hətta İsrailə münasibətdə daha tənqidi mövqe tutan bəzi qanunvericilərin də narahatlığına səbəb olub.
Qanunverici orqanın nümayəndələri bildiriblər ki, İsrailə maliyyə yardımı məsələsi Konqresdə ciddi fikir ayrılığı yaradıb və bu, cəmiyyətdəki mövqelərin qütbləşməsini əks etdirir.
Massi və Hannanın təqdim etdiyi düzəliş HR 8595 saylı qanun layihəsi çərçivəsində ayrılan vəsaitlərin İsrail üçün istifadəsini tam qadağan etməyi, həmçinin ABŞ-ın xaricdə həyata keçirdiyi hərbi layihələrə ayrılan xərclərin ümumilikdə 3,3 milyard dollar azaldılmasını nəzərdə tuturdu.
Hazırda məsələ hər iki partiya daxilində mübahisəli olaraq qalır. Layihə gündəlikdən çıxarılsa da, ekspertlər Demokratlar Partiyasının proqramında İsrailə dəstəyin məhdudlaşdırılması ilə bağlı müzakirələrin davam edəcəyini proqnozlaşdırırlar.
Maliyyələşdirmənin azaldılmasını dəstəkləyənlər bildirirlər ki, ABŞ-ın xarici siyasət prioritetlərinə yenidən baxılması zəruridir və onlar bu təşəbbüsü gələcəkdə yenidən gündəmə gətirməyə çalışacaqlar. Təşəbbüsün əleyhdarları isə qlobal qeyri-sabitlik şəraitində İsraillə strateji tərəfdaşlığın qorunmasının vacibliyini vurğulayaraq, kəskin maliyyə ixtisarlarının risklər yarada biləcəyini bildirirlər.
Bizimyol.info






