Elektron diplom sisteminə keçid təhsil sənədlərinin idarə edilməsində rəqəmsallaşmanın növbəti mərhələsi hesab olunur.
Yeni qaydalara əsasən, məzunlar diplomlarını əlavə müraciət etmədən elektron formada əldə edəcək və bu sənədlər kağız diplomlarla eyni hüquqi qüvvəyə malik olacaq. Rəqəmsal sistem həm sənədlərin yoxlanılması prosesini sürətləndirəcək, həm də saxtakarlıq, itki və arxivləşdirmə ilə bağlı risklərin minimuma endirilməsinə imkan verəcək.
- Elektron diplomları saxtalaşdırmaq mümkündürmü?
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, elektron diplom sistemi saxtakarlıq riskini artırmır, əksinə, onu minimuma, hətta demək olar ki, sıfıra endirir. Burada əsas məsələ texnoloji təhlükəsizlikdir.
Ekspert hesab edir ki, ən yüksək mühafizə nişanlarına malik kağız diplomlar belə müasir holoqrafik avadanlıqlarla saxtalaşdırıla bilər. Bundan əlavə, arxivlərin yanması, sənədlərin itməsi və ya zədələnməsi onların sonradan bərpası zamanı ciddi problemlər yaradır.
“Müasir elektron diplom sistemləri mərkəzləşdirilməmiş verilənlər bazasına inteqrasiya olunur. Bu sistemdə hər diplom unikal identifikasiya koduna malik olur. Əgər hər hansı haker diplom məlumatını dəyişməyə cəhd etsə, sistemdəki başqa minlərlə blok bu dəyişikliyi rədd edəcək. Yəni bazaya sonradan saxta məlumat daxil etmək həm riyazi, həm də texniki baxımdan demək olar ki, mümkünsüzdür”-deyə ekspert bildirib.
O deyib ki, işəgötürən namizədin diplomunun həqiqiliyini yoxlamaq üçün artıq universitetə rəsmi məktub göndərmək məcburiyyətində qalmayacaq.
Əvvəllər bu proses aylarla davam edirdi. İndi isə dövlət portalı üzərindən qısa müddətdə göndərilən sorğu ilə sənədin rəsmi reyestrdəki statusu təsdiqlənə bilir.
İlqar Orucovun fikrincə, bu da korrupsiyanın və saxta ali təhsil bazarının qarşısının alınmasına ciddi töhfə verir.
Elektron diplom sisteminə keçidi təhsilin idarəetməsində rəqəmsallaşmanın, sinif mühitində isə diqqət və konsentrasiyaya əsaslanan ənənəvi modelin gücləndirilməsi istiqamətində atılmış addımlar kimi qiymətləndirən İlqar Orucov hesab edir ki, bu keçidin uğuru qəbul edilən qərarların sərtliyindən deyil, onların cəmiyyətə, valideynlərə və təhsil ictimaiyyətinə düzgün, aydın və şəffaf şəkildə izah edilməsindən asılı olacaq.
İradə Cəlil, Bizimyol.info






