Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-də siyasi qarşıdurma seçkilərə qədər daha da güclənəcək
ABŞ-də siyasi qarşıdurma seçkilərə qədər daha da güclənəcək

ABŞ Prezidenti Donald Tramp kommunizmi ölkəsi üçün ən böyük təhlükələrdən biri adlandıraraq, bu ideologiyanın ABŞ-də yayılmasına imkan verməyəcəyini bəyan edib.

O, demokrat sosialist Zohran Mamdaninin Nyu-York meri seçkilərində qələbəsindən sonra kommunizmə qarşı sərt mövqe nümayiş etdirərək şəhərin gələcəyi ilə bağlı kəskin açıqlamalar verib. Tramp həmçinin iddia edib ki, Mamdaninin rəhbərliyi altında sakinlər Nyu-Yorku tərk edəcək və onunla bağlı sərt addımlar atıla biləcəyini bildirib.

  • Donald Trampın kommunizmlə bağlı sərt bəyanatları ABŞ-də siyasi qütbləşməni daha da dərinləşdirə bilərmi?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın ideoloji baxışları, əlbəttə, sağ təmayüllüdür və o, sol yönümlü ideologiyalara qarşı sərt mövqeyi ilə tanınır.

Kommunizmlə bağlı səsləndirdiyi fikirlərə gəlincə isə politoloq bildirib ki, bu, daha çox Amerikanın daxili auditoriyasına hesablanmış siyasi bəyanatdır.

Politoloq ABŞ-də kommunizm təhlükəsi ilə bağlı ciddi narahatlıq doğuran hər hansı real vəziyyətin olduğunu düşünmür. Çünki kommunizm artıq tarixi baxımdan iflasa uğramış və öz dövrünü başa vurmuş bir sistemdir.

“Hazırda ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilərə hazırlıq prosesi gedir və Donald Trampın seçiciləri səfərbər etmək üçün müəyyən arqumentlərə ehtiyacı var. Məhz bu baxımdan o, kommunizm mövzusunu gündəmə gətirərək, xüsusilə mühafizəkar elektorata mesaj verməyə və seçicilərə təsir göstərməyə çalışır”, – deyə politoloq bildirib.

Oqtay Qasımovun fikrincə, ABŞ-də hər seçkiqabağı dövrdə olduğu kimi, siyasi gərginlik artır, qarşılıqlı ittihamlar və sərt tənqidlər daha da intensivləşir. Rəqib siyasi düşərgələr bir-birini müxtəlif məsələlərdə günahlandırır və daha kəskin ifadələrdən istifadə edirlər.

“Donald Trampın siyasi fəaliyyətinə, xüsusilə də ikinci prezidentlik dövrünə nəzər saldıqda görürük ki, o, öz sələflərini ciddi şəkildə tənqid edir, onların siyasətinin ABŞ-yə zərər vurduğunu bildirir. Tramp xüsusilə demokratları və sol siyasi qüvvələri hədəf alır, onların həyata keçirdiyi siyasəti kəskin şəkildə tənqid edir. Avropa ilə münasibətlərdə yaranan müəyyən gərginliyin bir hissəsi də məhz bu ideoloji yanaşmalarla bağlıdır”.

Politoloq hesab edir ki, seçkilərə qədər siyasi qarşıdurma və ritorikanın daha da sərtləşməsi müşahidə olunacaq. Seçkilər başa çatdıqdan sonra isə bu gərginliyin tədricən səngiyəcəyi gözlənilir.

Bununla belə, politoloq vurğulayıb ki, hazırkı mərhələdə Amerika cəmiyyətində kommunizmlə bağlı real və təhlükəli tendensiyanın mövcud olduğunu düşünmür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »