Avropanın aparıcı hava limanları və aviakompaniyaları Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə müraciət edərək, sərhədlərdə tətbiq olunan giriş-çıxış yoxlamalarının pik turizm dövrlərində müvəqqəti yumşaldılmasını xahiş ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
Məlumata görə, müraciət "ACI Europe" aeroportlar assosiasiyası, "Airlines for Europe" hava şirkətləri birliyi və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası tərəfindən göndərilib. Təşkilatlar xəbərdarlıq ediblər ki, yay mövsümündə sərnişin axınının artması sərhəd keçidlərində ciddi sıxlığa və reyslərin gecikməsinə səbəb ola bilər.
Təklifə əsasən, iyul və avqust aylarında sərnişin axını hava limanlarının və sərhəd infrastrukturlarının ötürmə gücünü aşdığı hallarda yoxlamaların tamamilə dayandırılmasına icazə verilməsi nəzərdən keçirilir.
Yeni sistem Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarından barmaq izi və foto ilə qeydiyyat tələb edir. Sektor nümayəndələrinin bildirdiyinə görə, bəzi hava limanlarında artıq sərnişinlər saatlarla növbədə qalır, bəzi reyslər isə sərnişinlərin sərhəd nəzarətindən vaxtında keçə bilməməsi səbəbindən yarımboş uçur.
Aviasektor nümayəndələri hesab edirlər ki, mövcud qaydalar turizm mövsümündə hava nəqliyyatında ciddi əməliyyat çətinlikləri yaradır və sərnişin axınının idarə olunmasını çətinləşdirir.
Bizimyol.info






