Çində hazırlanmış insanabənzər robotlar ilk dəfə real istehsalat şəraitində uzunmüddətli sınaqdan uğurla keçərək sənaye sahəsində süni intellekt texnologiyalarının inkişafında mühüm mərhələyə imza atıb.
Şanxayda fəaliyyət göstərən "Agibot" şirkətinin istehsal etdiyi insanabənzər robotlar Çinin şərqində, Nançan şəhərində yerləşən "Longcheer Technology" zavodunda altı gün ərzində istehsal prosesinə cəlb olunublar. Robotlar bu müddətdə keyfiyyətə nəzarət, materialların daşınması və digər istehsalat əməliyyatlarını yerinə yetirərək 60 mindən çox tapşırığın 99,99 faizini uğurla icra ediblər.
Şirkətin məlumatına görə, sınağın əsas məqsədi insanabənzər robotların təkcə laboratoriya şəraitində deyil, real sənaye müəssisələrində də etibarlı və səmərəli fəaliyyət göstərə bildiyini nümayiş etdirmək olub.
"Agibot" şirkətinin vitse-prezidenti doktor Yao Maoçin bildirib ki, artıq əsas məsələ robotların hansı funksiyaları yerinə yetirməsi deyil, onların real iş mühitinə inteqrasiya olunaraq istehsalata əlavə dəyər qazandıra bilməsidir.
Şirkət bu günədək 15 mindən çox insanabənzər robot istehsal etdiyini açıqlayıb. Mütəxəssislərin fikrincə, bu nəticə robotların genişmiqyaslı kommersiya tətbiqinə keçid istiqamətində mühüm addımdır.
Qeyd olunur ki, Çinin 2026–2030-cu illəri əhatə edən Beşillik İnkişaf Planında insanabənzər robotlar strateji prioritet sahələrdən biri kimi müəyyənləşdirilib. Ekspertlər hesab edirlər ki, ölkə ənənəvi sənaye avtomatlaşdırılmasından süni intellektə əsaslanan ağıllı robot sistemlərinə keçidi sürətləndirir.
Beynəlxalq maliyyə qurumu Barclays 2035-ci ilədək Çində təxminən 11 milyon insanabənzər robotun istismara veriləcəyini proqnozlaşdırır. Bununla yanaşı, "Morgan Stanley" hazırkı satış həcmlərinin hələ də bu proqnozlardan geri qaldığını bildirir.
Altı günlük sınağın yekununda "Agibot" bəyan edib ki, əldə olunan nəticələr insanabənzər robotların kommersiya potensialını təsdiqləyir və bu texnologiyanın laboratoriya mərhələsindən real istehsalat mühitinə keçidində yeni dövrün başlandığını göstərir.
Bizimyol.info






