Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa İsraili ölkənin cənub bölgələrində vəziyyəti gərginləşdirmək və sabitliyi pozmağa çalışmaqda ittiham edib.
Bizimyol.info xəbər verir ki, dövlət başçısı bildirib ki, İsrailin hərbi əməliyyatları Suriyanın ərazi bütövlüyünü sarsıtmağa, ölkədə xaos yaratmağa və xalqın yenidənqurma prosesini zəiflətməyə yönəlib.
“İsrailin hərbi fəaliyyətinin məqsədi Suriyanın ərazi birliyini dağıtmaq, xaos yaratmaq və Suriya xalqının bərpa və dirçəliş yolunda irəliləmək imkanlarını zəiflətməkdir. Suriya artıq xarici qüvvələrin planlarının və başqa dövlətlərin ambisiyalarının həyata keçirildiyi meydan olmayacaq”, – deyə Əş-Şaraa vurğulayıb.
Onun açıqlaması İsrail ordusunun Suriyanın cənubundakı Dəraa vilayətində yerləşən Abdin, Cəmla və Əl-Muğra yaşayış məntəqələrinə daxil olmasından sonra səsləndirilib. Məlumata görə, iyunun 29-da həmin yaşayış məntəqələri artilleriya atəşinə və helikopter hücumlarına məruz qalıb.
Yerli mənbələrin bildirdiyinə görə, sakinlər kəndlərdə blokpostlar quran İsrail hərbçilərinə müqavimət göstəriblər. Suriyanın Mülki Müdafiə Xidməti hücumlar nəticəsində bir neçə nəfərin yaralandığını, həmçinin maddi ziyanın dəydiyini açıqlayıb.
İyunun 29-da Suriya Xarici İşlər Nazirliyi baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət ünvanlayıb. Dəməşq İsrailin Dəraa və Əl-Quneytra vilayətlərində həyata keçirdiyi hərbi əməliyyatların 1974-cü ildə Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması haqqında imzalanmış razılaşmanın kobud şəkildə pozulması olduğunu bildirib.
Sənəddə bildirilir ki, İsrailin hərbi əməliyyatları mülki əhalinin vəziyyətini daha da ağırlaşdırır və regionda gərginliyin yeni mərhələyə keçməsi riskini artırır.
Bizimyol.info






