Baxırsan, 35 yaşı var, bütün günü kompüter oyunları oynayır. Və yaxud işləmir, işini yola verir. Çətinliklərdən qaçır, məsuliyyət qəbul etmir.
Bu vəziyyət hər keçən gün insanlar arasında daha çox yayılmağa başlayır.
Bir neçə gün əvvəl oğlum mənə dedi: "Ana, insanlar həyatsızdır". Əvvəlcə nə demək istədiyini anlamadım. Sonra izah etdi ki, oynadığı onlayn oyunda 45 yaşlı bir kişi ilə birlikdə oynayır və həmin adam demək olar ki, bütün günü onlayn olur.
- Nədir bu? İnfantilizm...
İnfantilizm insanın yaşına uyğun psixoloji və emosional yetkinlik nümayiş etdirə bilməməsi ilə xarakterizə olunan davranış modelidir. Bu cür insanlar adətən məsuliyyətdən qaçmağa, çətin qərarları başqalarının öhdəsinə buraxmağa və problemlərin asan həll yolunu axtarmağa meyilli olurlar.
Psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu-infantilizim, psixo-emosional problemlərdən qaynaqlanan hallardan biridir.
Psixoloqun fikrincə, bunun əsas səbəblərindən biri odur ki, həyatımız nə qədər komfortlu olursa, insanlar da bir o qədər rahat həyata öyrəşir və çətinlik çəkmədən yaşamağa vərdiş edir:
“Təbii ki, heç kəs öz komfort zonasından çıxmaq, məsuliyyət götürmək istəmir. Əksəriyyət hər şeyin asan yolunu axtarır. Bu da nəticə etibarilə müxtəlif problemlərə gətirib çıxarır. İnsanlar getdikcə daha çox rahatlığı seçməyə meyillənirlər.
Məsələn, boşanmaların böyük bir hissəsinin səbəblərindən biri də məhz budur. Çünki bu insanlar öz məsuliyyətlərini dərk etmir, ailədə onlara düşən rolu yerinə yetirə bilmir və münasibətləri düzgün idarə edə bilmirlər”.
Ramin Hacıyev deyir ki, bu problem təkcə kişi-qadın münasibətlərində özünü göstərmir.
Eyni vəziyyət əmək bazarında, keyfiyyətli kadrların yetişməsində və onların məsuliyyət hissində də müşahidə olunur.
Görürük ki, bir çox insanlar işləmək istəmir və ya özünü bu rolda görmür. İşləyənlər arasında da stresli vəziyyət yaranan kimi işdən çıxmağa, məsuliyyətdən yayınmağa və özünə daha rahat mövqe seçməyə çalışanlar az deyil.
Bunun nəticəsində isə işlədikləri şirkətlər və ya qurumlar məsuliyyətsizliklə üzləşir, işlər keyfiyyətli şəkildə yerinə yetirilmir və proseslərin idarə olunmasında problemlər yaranır.
Psixoloqun fikrincə, bu, yalnız bizim cəmiyyətə aid problem deyil. Bu gün artıq qlobal xarakter daşıyan bir tendensiyadır.
“Mənim praktikamda müxtəlif millətlərdən olan pasiyentlər də var və onların arasında da bu kimi hallarla rastlaşıram. Bu da göstərir ki, məsuliyyətdən yayınma və komfort zonasına bağlılıq təkcə bir ölkənin deyil, bütövlükdə dünyanın üzləşdiyi psixo-sosial problemlərdən biridir”-deyə Ramin Hacıyev bildirib.
İradə Cəlil, Bizimyol.info






