Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Bankdan yeni qərar: hansı kreditlərə məhdudiyyət qoyulacaq?
Mərkəzi Bankdan yeni qərar: hansı kreditlərə məhdudiyyət qoyulacaq?

Mərkəzi Bankın yeni qaydalarına əsasən, vətəndaşlar oktyabrdan öz istəkləri ilə məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcəklər, banklar isə kredit verməzdən əvvəl bu məhdudiyyəti yoxlamalı olacaqlar.

Bundan başqa, məsafədən verilən istehlak kreditləri üzrə vəsaitlər dərhal deyil, məbləğdən asılı olaraq 2 və ya 24 saatlıq gözləmə müddətindən sonra köçürüləcək.

Dəyişikliklərin əsas məqsədi kiberdələduzluq risklərini azaltmaq və istehlakçıların maliyyə təhlükəsizliyini gücləndirməkdir.

  • Bu yeniliklər kiberdələduzluğun qarşısını almaq üçün kifayət edəcək, yoxsa təhlükəsizliklə yanaşı, vətəndaşların maliyyə savadlılığının artırılması daha vacibdir?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankının məsafədən kreditləşmə ilə bağlı tətbiq etdiyi yeni qaydalar maliyyə sektorunda risklərin idarə olunması baxımından mühüm addımdır. Bu yanaşma beynəlxalq praktikada tətbiq olunan istehlakçıların müdafiəsi, kiberrisklərin idarə olunması və məsuliyyətli kreditləşmə prinsipləri ilə uyğunluq təşkil edir.

Məsafədən maliyyə xidmətlərinin sürətlə inkişaf etdiyi bir dövrdə əsas məsələ yalnız kredit prosesini asanlaşdırmaq deyil, eyni zamanda, həmin prosesin təhlükəsizliyini təmin etməkdir. Vətəndaşa əvvəlcədən məsafədən kredit götürməyə qadağa qoymaq imkanı verilməsi bir növ qoruyucu mexanizmdir və beynəlxalq maliyyə idarəetməsində risklərin qabaqlayıcı idarə olunması yanaşmasına uyğundur.

İqtisadçının fikrincə, kiberdələduzluq problemini yalnız yeni qaydalarla həll etmək mümkün deyil. Dünyanın aparıcı maliyyə sistemlərində qəbul edilən yanaşmaya görə, təhlükəsizlik üç əsas sütun üzərində qurulur.

“Birincisi, texnoloji təhlükəsizlikdir ki, bu da güclü autentifikasiya, süni intellekt əsaslı şübhəli əməliyyatların aşkarlanması, davranış analitikası və real vaxt rejimində monitorinqdir.

İkincisi, idarəetmə və nəzarət mexanizmləridir. Bu mexanizm banklarda kiberrisklərin idarə olunmasını, daxili auditi, risk əsaslı nəzarəti və insidentlərə operativ reaksiya sistemlərini əhatə edir.

Üçüncüsü isə maliyyə və rəqəmsal savadlılıqdır ki, bu da vətəndaşın təhlükəni tanıması və düzgün qərar verməsidir”, - deyə o bildirib.

İqtisadçının sözlərinə görə, praktikada bir çox kiberdələduzluq halları bank sisteminin sındırılması ilə deyil, insan davranışının manipulyasiyası nəticəsində baş verir. Dələduzlar artıq texniki üsullardan daha çox sosial mühəndislik metodlarından, saxta zənglərdən, saxta tətbiqlərdən və bank əməkdaşı adı ilə edilən müraciətlərdən istifadə edirlər.

Asif İbrahimov deyir ki, məsafədən verilən kreditlərdə gözləmə müddətinin tətbiqi də risklərin azaldılması üçün preventiv mexanizmdir. Bu, vətəndaşa qərarını yenidən qiymətləndirmək və şübhəli halları bildirmək üçün vaxt yaradır. Amma bu mexanizm də bütün halların qarşısını ala bilməz.

Beynəlxalq təcrübə göstərir ki, ən effektiv model risk əsaslı idarəetmə modelidir. Yəni bütün müştərilərə eyni yanaşmanın tətbiqi deyil, əməliyyatın risk səviyyəsinə uyğun əlavə yoxlamaların aparılması daha effektivdir.

“Qısaca desək, yeni qaydalar bank fırıldaqlarından zərərçəkənlərin sayını azaltmağa kömək edə bilər. Amma uzunmüddətli nəticə əldə etmək üçün yalnız qaydaların sərtləşdirilməsi deyil, maliyyə institutlarının texnoloji imkanlarının artırılması, nəzarət sistemlərinin gücləndirilməsi və vətəndaşların maliyyə savadlılığının yüksəldilməsi paralel şəkildə həyata keçirilməlidir. Müasir maliyyə idarəetməsində təhlükəsizlik artıq təkcə bankın deyil, bütün ekosistemin məsuliyyətidir”, - deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »