Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin uzaqmənzilli qüvvələrinin Rusiyanın Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə növbəti dəfə zərbə endirdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edərək bildirib ki, hədəfə alınan obyekt Rusiyanın hərbi fəaliyyətində mühüm rol oynayır.
“Bu gün Rusiyanın apardığı müharibəyə qarşı uzaqmənzilli zərbələrimiz yenidən Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə çatdı. Bu, xüsusilə kəşfiyyat məlumatlarının toplanması və Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin fəaliyyətinin koordinasiyası üçün istifadə olunan xüsusi peyk rabitəsi obyektidir”, – deyə Ukrayna lideri qeyd edib.
Prezident vurğulayıb ki, sözügedən obyekt Ukrayna dövlət sərhədindən 500 kilometrdən artıq məsafədə yerləşir.
Zelenskinin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri son vaxtlar Rusiyanın bu tip dörd strateji obyektini hədəfə alıb. Onlar təkcə Moskva vilayətində deyil, həm də Vladimir vilayətində yerləşir.
“Uzaqmənzilli zərbələr planımızı addım-addım həyata keçiririk və təcavüzkar dövlətin Ukraynaya qarşı işğal əməliyyatlarını davam etdirməsini maksimum dərəcədə çətinləşdiririk. Düşmənin digər oxşar obyektlərinə qarşı da müvafiq tədbirlər hazırlanır”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, iyunun 22-də də Ukrayna Silahlı Qüvvələri “Dubna” kosmik rabitə mərkəzinə zərbə endirib. Həmin hücum nəticəsində obyekt ərazisində güclü tüstülənmə baş verib.
Məlumata görə, zərbə zamanı peyk rabitəsi üçün istifadə olunan 32 metrlik MARK-IV anten kompleksinin aparat-modul sistemi, eləcə də antenanın yaxınlığında yerləşən texniki bina zədələnib.
Bizimyol.info






