Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antarktikadakı Erebus vulkanı göyə qızıl tozu püskürdür
Antarktikadakı Erebus vulkanı göyə qızıl tozu püskürdür

Antarktikada yerləşən və dünyanın ən cənubdakı aktiv vulkanı hesab olunan Erebus vulkanı elm adamlarını heyrətləndirən qeyri-adi xüsusiyyəti ilə diqqət çəkir. Mütəxəssislər müəyyən ediblər ki, vulkan atmosferə mikroskopik ölçüdə saf qızıl kristalları yayır.

Bizimyol.info xəbər verir ki, Ross adasında yerləşən Erebus vulkanı daim qaynayan lava gölü ilə seçilir. Aparılan araşdırmalara əsasən, vulkan hər gün qazlarla birlikdə təxminən 80 qram qızıl tozunu atmosferə buraxır. Bu hissəciklər hava axınları vasitəsilə min kilometrdən çox məsafəyə qədər yayıla bilir.

Alimlər bildirirlər ki, vulkanlardan az miqdarda qızıl izlərinin ayrılması yeni hal deyil. Daha əvvəl Havaydakı Kilauea və İtaliyadakı Etna vulkanlarında da buna bənzər proseslər qeydə alınıb. Lakin Erebusu digərlərindən fərqləndirən əsas xüsusiyyət qızılın nizami kristal formasında atmosferə çıxmasıdır.

Tədqiqatçılar vulkanın krateri ətrafından, qaz buludlarından, eləcə də min kilometr uzaqlıqdakı troposfer qatından götürülən nümunələri elektron mikroskopu altında araşdırıblar. Məlum olub ki, bu hissəciklər təxminən 60 mikrometr ölçüsündədir və demək olar ki, qüsursuz həndəsi quruluşa malik parlaq qızıl kristallarıdır.

Qızılın bu formada necə yarandığı isə hələ də elm üçün tam aydın deyil. Ən geniş yayılmış ehtimallardan birinə görə, qızıl vulkanik qazların tərkibindəki xlor və ya kükürd birləşmələri vasitəsilə daşınır, qazlar sürətlə soyuduqda isə kristallaşaraq ayrılır. Digər versiyaya əsasən, kristallar əvvəlcə lava gölünün səthində formalaşır, daha sonra yüksələn qaz axınları ilə atmosferə qalxır.

Kəşfdən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, Erebus vulkanında bu unikal prosesin hansı geoloji və kimyəvi şəraitdə baş verdiyi hələ də tam müəyyənləşdirilməyib. Alimlər hesab edirlər ki, bu fenomen vulkanların Yerin mineral və kimyəvi dövranındakı roluna dair yeni elmi məlumatlar əldə etməyə imkan verə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »