Forbes jurnalının dərc etdiyi analizdə Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin ciddi təzyiq altında olduğu və ən yaxşı halda təxminən üç il ərzində dəyişə biləcəyi iddia olunur.
Bizimyol.info xəbər verir ki, məqalədə onun devrilməsi ilə bağlı bir neçə fərqli ssenari və bu prosesə təsir edə biləcək daxili və xarici faktorlar nəzərdən keçirilir.
Analitiklərə görə, Putinin hakimiyyətinin sona çatması tək bir hadisə ilə deyil, bir neçə paralel böhranların üst-üstə düşməsi ilə baş verə bilər. Bunlara Ukraynanın daha genişmiqyaslı hücumları, Rusiyada iqtisadi və sosial gərginliyin artması, ərzaq qıtlığı və bəzi regionlarda mümkün separatist hərəkətlərin güclənməsi daxildir.
Məqalədə xüsusilə Rusiya elitasının mövqeyi diqqətə çəkilir. Bildirilir ki, Putinə yaxın çevrə artan risklər fonunda öz gələcəyini qorumağa çalışa bilər və bu, hətta orduda və təhlükəsizlik strukturlarında daxili qarşıdurmalara qədər gedib çıxa bilər. FSB, Milli Qvardiya və digər güc orqanları arasında uzun illərdir mövcud olan rəqabət potensial böhran üçün əlavə risk yaradır.
"Forbes" iki əsas ssenarini fərqləndirir: Putinin sürətli şəkildə aradan götürülməsi və ya onun daha sonra ictimaiyyət qarşısında mühakimə edilməsi. Birinci variantda hakimiyyət uğrunda qısa, lakin kəskin mübarizə ehtimalı artır, ikinci variant isə “nümunəvi məhkəmə” yolu ilə keçmiş rejimin legitimləşdirilməsi və günahın tək bir şəxs üzərinə yüklənməsi kimi qiymətləndirilir.
Bundan əlavə, xarici amillər də mühüm rol oynayır. Xüsusilə Çinin mövqeyinin dəyişməsi Rusiyanın siyasi balansını ciddi şəkildə poza bilər. Əgər Pekin Putinin zəifləməsini öz maraqları üçün təhlükə hesab edərsə, dəstəyi azaltmaqla prosesə təsir göstərə bilər.
Analiz ümumilikdə belə nəticəyə gəlir ki, Rusiyada mövcud siyasi sistem artan təzyiqlər altında dayanıqlığını itirə bilər və bu prosesin nəticəsi yaxın illərdə daha aydın görünəcək.
Qadir, Bizimyol.info






