Azərbaycan Mərkəzi Bankının 2026-cı il mayın 31-ə olan məlumatına görə, ölkədə 22 bankın 499 filialı, 84 şöbəsi və 3 502 bankomatı fəaliyyət göstərib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bank filiallarının sayı 5 vahid artsa da, şöbələrin sayı 3 vahid azalıb.
Aylıq müqayisədə isə may ayında 6 bank filialı və 1 bank şöbəsi fəaliyyətini dayandırıb.
- Bank filiallarının və şöbələrinin azalması bank sektorunda rəqəmsallaşmanın sürətlənməsi ilə bağlıdır, yoxsa bu, optimallaşdırma siyasətinin nəticəsidir?
İqtisadçı Eyyub Kərimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, rəqəmlərdən də göründüyü kimi, bank filialları və şöbələrinin sayında azalma müşahidə olunur.
Bu, bankların rəqəmsal platformalarının genişlənməsi və həmin platformalarda təqdim olunan xidmətlərin həm keyfiyyətinin, həm də sayının artması ilə əlaqədardır: “Bu istiqamətdə artıq xeyli iş görülüb. Bu gün vətəndaşlar əksər bank xidmətlərini banka getmədən əldə edə bilirlər. Hətta bəzi hallarda krediti də onlayn rəsmiləşdirmək mümkündür. Bu isə bank sektorunda idarəetmənin optimallaşdırılmasına və xidmət xərclərinin azalmasına səbəb olur”.
İqtisadçı hesab edir ki, bunun gələcəkdə kredit faizlərinə də müsbət təsiri ola bilər. Çünki əvvəllər kreditlərin təqdim olunması zamanı bankların çəkdiyi müəyyən xidmət və inzibati xərclər kreditin maya dəyərinə daxil edilirdi ki, bu da faizlərin formalaşmasına təsir göstərirdi.
İqtisadçının fikrincə, bankların rəqəmsallaşması və xidmətlərin elektron platformalara keçirilməsi optimallaşdırma prosesinin tərkib hissəsidir.
Ölkədə onlayn ödənişlərin həcminin artması, bank kartlarından istifadənin geniş yayılması və demək olar ki, bütün bankların mobil tətbiqlər vasitəsilə xidmət göstərməsi bu sahədə həyata keçirilən islahatların müsbət nəticəsi hesab oluna bilər.
İradə Cəlil, Bizimyol.info






