Almaniyada müxalifətdə olan “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel Rusiyadan neft və qaz idxalının bərpa edilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, ucuz Rusiya enerji resursları uzun illər Almaniya iqtisadiyyatının əsas üstünlüklərindən biri olub.
Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinə müsahibəsində Vaydel bildirib ki, Rusiyadan alınan sərfəli enerji daşıyıcıları “Made in Germany” modelinin uğurunun əsas səbəblərindən biri idi.
“Rusiyadan gələn ucuz enerji Almaniya iqtisadiyyatının uğurunun sirri idi. Biz buna yenidən qayıtmalıyıq. Bu resursların itirilməsi ölkəni illərlə geri saldı, yüz minlərlə iş yeri itirildi. Bundan başqa, biz ABŞ-dan daha yüksək qiymətə enerji almağa məcbur olduq”, – deyə siyasətçi vurğulayıb.
2022-ci ilə qədər Almaniyanın neft idxalının təxminən üçdə biri, təbii qaz idxalının isə yarıdan çoxu Rusiyanın payına düşürdü. Lakin Ukraynada müharibənin başlamasından sonra tətbiq edilən sanksiyalar və “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlardan sonra Almaniya ciddi enerji böhranı ilə üzləşdi. Ölkə iqtisadiyyatı hələ də sabit artım tempini bərpa edə bilməyib.
Bu ilin payızında Almaniyanın Saksoniya-Anhalt və Meklenburq–Ön Pomeraniya federal torpaqlarında regional parlament seçkiləri keçiriləcək. Rəy sorğularına əsasən, AfD hər iki bölgədə yüksək dəstəyə malikdir. Partiya regional hökumətlərdə təmsil olunacağı təqdirdə, bu nəticə onun 2029-cu ilin yazından gec olmayaraq keçirilməsi planlaşdırılan növbəti federal seçkilərdə hakimiyyət uğrunda mübarizə imkanlarını artıra bilər.
Alis Vaydel bildirib ki, AfD-nin Saksoniya-Anhaltda qələbə qazanması digər bölgələrdə də uğurlu nəticələr üçün zəmin yarada bilər və gələcəkdə partiyanın federal hökumətdə təmsil olunması real ssenariyə çevrilə bilər.
Bizimyol.info






