Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı hallarda bəraət hökmü çıxarılır: hakimdən açıqlama
Hansı hallarda bəraət hökmü çıxarılır: hakimdən açıqlama

Şəxsin hansısa cinayətdə ittiham olunması onun birmənalı təqsirli olması anlamına gəlmir. Çünki məhkəmə araşdırma aparıb, onun təqsirsiz olduğu qənaətinə gəlib, bəraət hökmü də çıxara bilər. Məhz bu səbəbdən qanunlar da qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan kimisə “cinayətkar” adlandırmağı qadağan edir.

  • Bəs bəraət hökmü hansı hallarda çıxarılır?

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını, bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.

Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:

- cinayət hadisəsi olmadıqda;

- şəxsin əməlində cinayət tərkibi olmadıqda;

- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;

- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.

Murad Aslanov bildirib ki, bu əsaslardan hansısa biri varsa, şəxs təqsirsiz hesab edilir.

Hakim nümunə kimi göstərib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, bəraət hökmü çıxarmalıdır.

Murad Aslanov vurğulayıb ki, məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir.

Hakim bildirib ki, bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir. Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər.

Hakim əlavə edib ki, cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır.

Onun sözlərinə görə, şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur.

Qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hansısa ifadədən istifadə olunmasını da qadağan edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »