Şəhər ərazisində, o cümlədən, sürətli prospektlərdə hərəkət zamanı sürücülərin diqqətsizliyi ilə bağlı hallar müşahidə olunur. Hər üç-dörd sürücüdən biri avtomobili idarə edərkən mobil telefondan istifadə edir. Bu isə tıxacların yaranmasına və qəza riskinin artmasına səbəb olur. Eyni zamanda bu vəziyyət həm sürücülər, həm də yol hərəkəti iştirakçıları üçün ciddi təhlükədir.
- Kamera görüntüləri təhlil edilirmi?
- Belə hallara qarşı hansı tədbirlər görülür? Cəzası nədir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, telefondan istifadə edən sürücü yol nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır: “Qanunvericiliyin tələblərinə əsasən, sürücü sükan arxasında hərəkətdə olarkən telefondan istifadə etməməlidir. Hərəkət zamanı bu hal sürücünün diqqətini yayındırır və yol nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır.
Təəssüflə bildirim ki, sözügedən yol hərəkəti qaydasının pozulması nəticəsində xəsarət alanlar və həyatını itirənlər olub. Odur ki, sürücülər diqqətli olmalı, sükan arxasında telefondan istifadə etməməlidirlər”.
Toğrul Nəsirli əlavə edib: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsi hərəkətdə olarkən sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur”.
Günel Həsənova, Bizimyol.info






