Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşdən çıxarılan dövlət qulluqçusu qanun pozuntularından şikayət edib - Dövlət Statistika Komitəsindən açıqlama
İşdən çıxarılan dövlət qulluqçusu qanun pozuntularından şikayət edib - Dövlət Statistika Komitəsindən açıqlama

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Aparatının ləğv edilmiş Hüquq və insan resurslarının idarə edilməsi şöbəsi müdirinin müavini – Hüquq sektorunun müdiri Vüsal Novruz oğlu İsmayılov redaksiyamıza müraciət edərək bildirib ki, Dövlət Statistika Komitəsində işçilərə əvvəlcədən xəbərdarlıq edilmədən, 19.05.2026-cı il tarixində Komitənin kollegiya qərarı ilə struktur islahatları adı ilə Aparatın 4 şöbəsi ləğv edilib. 21.05.2026-cı il tarixində yeni şöbələr yaradılıb. Ləğv edilən şöbənin müdirləri və onların müavinləri aşağı vəzifələrə keçirilmiş və ya tutduqları vəzifədən ixtisar adı ilə qanunsuz və əsassız olaraq işdən azad edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bununla belə, ixtisar edilən işçilərə sözügedən Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və sair ödənişlər) sonuncu iş günü ödənilməsi tələbi olduğuna baxmayaraq, qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və işçiyə ödənilməli əməkhaqqı hissə-hissə 2-3 həftə sonra ödənilib. Lakin 35 gün keçməsinə baxmayaraq, Komitə tərəfindən ixtisar edilən işçilərə nə işdənçıxarma müavinəti, nə də xəbərdarlıq müddəti əvəzinə qanunvericiliklə müəyyən edilmiş birdəfəlik ödəniş verilib. Göstərilən ödənişlərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaiti isə aparılmış ixtisarlardan sonra Komitənin dövlət büdcəsinə geri qaytardığı öyrənilib.

Vüsal İsmayılovun bildirdiyinə görə, məsələ və işdən çıxarılma prosesində yol verilmiş başqa qanun pozuntuları ilə bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət edib.

  • Ləğv edilmiş şöbənin işçilərinə 19 may 2026-cı il tarixə kimi xəbərdarlıq edilməyib?
  • İxtisar olunan işçilərə bütün ödənclər nə üçün 21 may 2026-cı il tarixində edilməyib?
  • İşdən çıxarılma müavinəti və xəbərdarlıq əvəzinə birdəfəlik ödənişin bu müddət ərzində ödənilməməsinin səbəbi nədir?

Yaranan suallara cavab tapmaq üçün Dövlət Statistika Komitəsinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib:

“Dövlət Statistika Komitəsində aparılan struktur dəyişikliklərinin məqsədi Komitənin fəaliyyətinin səmərəliliyini artırmaq, struktur bölmələrin funksiyalarını optimallaşdırmaq və idarəetməni təkmilləşdirməkdir.

Struktur dəyişiklikləri nəticəsində əvvəlki vəzifəsi ixtisar edilən Vüsal Novruz oğlu İsmayılova onun peşə və ixtisasına, habelə əvvəl tutduğu vəzifənin səviyyəsinə uyğun olaraq yeni yaradılan struktur bölmədə vəzifə təklif edilib. Vüsal İsmayılov həmin vəzifəyə keçirilməkdən imtina edib və dövlət qulluğuna ştat ixtisarı ilə əlaqədar xitam verilməsini, bununla bağlı qanunvericilikdə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsini yazılı şəkildə xahiş edib”.

Həmçinin vurğulanıb: “Bununla əlaqədar onun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən xitam verilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissələrinə uyğun olaraq müvafiq ödənişlərin hesablanması barədə tapşırıq verilib. Həmin ödənişlər qanunvericiliyin tələblərinə uyğun qaydada qısa müddətdə tam həcmdə təmin ediləcək”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »