Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"30-dan çox ölkə tanıyıb, amma Türkiyə münasibətləri davam etdirib" – Politoloq
"30-dan çox ölkə tanıyıb, amma Türkiyə münasibətləri davam etdirib" – Politoloq

“Türkiyə uzun illərdir 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınmasına qəti şəkildə qarşı çıxır. Belə olduğu halda İsrail hökumətinin "erməni soyqırımı"nı rəsmi şəkildə tanıması həm Türkiyə-İsrail münasibətlərinə, həm də Cənubi Qafqazdakı siyasi proseslərə təsir göstərə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Anar İsayev danışıb.

O deyib ki, təbii ki, İsrailin belə bir addımı Ankara tərəfindən ciddi diplomatik etirazla qarşılanacaq. Onsuz da son illərdə Qəzza müharibəsi və Fələstin məsələsi səbəbindən gərgin olan Türkiyə-İsrail münasibətləri daha da pisləşə bilər.

“Siyasi dialoqun zəifləməsi, həmçinin bəzi iqtisadi layihələrin ləngiməsi ehtimalı yarana bilər. İsrail bu günə qədər qondarma "soyqırımı" tanıyan ilk və tək ölkə də deyil. Buna qədər təxminən 30-dan artıq ölkə bu addımı atıb. Türkiyə həmin dövlətlərlə normal münasibətlər saxlayıb. Ona görə də təhlükəsizlik və regional maraqlar baxımından bəzi sahələrdə Türkiyə və İsrailin əlaqələri tamamilə kəsməsi inandırıcı görsənmir” - deyə politoloq bildirib.

O həmçinin deyib ki, Cənubi Qafqaza təsirinə gəldikdə isə Ermənistan, həmçinin erməni diasporu bu qərarı diplomatik uğur kimi təqdim etməyə çalışa bilər və digər ölkələri də oxşar addımlar atmağa təşviq edə bilər.

Politoloqun sözlərinə görə, Azərbaycan İsrailin, eyni zamanda Türkiyənin mühüm strateji tərəfdaşlarından biridir. İsrailin belə bir qərar qəbul etməsi, istər-istəməz Bakını bu məsələdə daha diqqətli münasibət bildirməyə məcbur edir.

İndiki şəraitdə belə bir qərar regionda sülh və əməkdaşlığı istəməyən tərəflərin xeyirinədir.

“Təbii ki, enerji, müdafiə sənayesi və təhlükəsizlik sahəsində Azərbaycan-İsrail əməkdaşlığının qısa müddətdə ciddi şəkildə dəyişəcəyini söyləmək üçün heç bir əsas yoxdur.

Türkiyə və Azərbaycanın regional koordinasiyası fonunda belə qərar Ankara və Bakının bəzi beynəlxalq platformalarda daha sıx əməkdaşlıq etməsinə səbəb olacaq” - deyə Anar İsayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »