Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Burkina-Faso: Fransa ilə diplomatik münasibətlərin kəsilməsinə siyasi əlaqələrin pisləşməsi səbəb olub
Burkina-Faso: Fransa ilə diplomatik münasibətlərin kəsilməsinə siyasi əlaqələrin pisləşməsi səbəb olub

Burkina-Fasonun Xarici İşlər Nazirliyi ölkəsi ilə Fransa arasında son aylarda siyasi münasibətlərin ciddi şəkildə pisləşməsinin diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxardığını bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Burkina-Faso Xarici İşlər Nazirliyinin hüquq və konsulluq məsələləri üzrə baş direktoru Leonar Lompo "Sidwaya" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, hökumətin apardığı təhlil göstərib ki, qarşılıqlı hörmət və etimada, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə və Burkina-Fasonun suverenliyinə əsaslanan ikitərəfli münasibətlər üçün zəruri şərtlər artıq mövcud deyil.

"Hökumətin mövqeyinə əsasən, aparılan təhlil nəticəsində məlum olub ki, qarşılıqlı hörmət və etimada, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsinə və ölkəmizin suverenliyinə hörmətə əsaslanan ikitərəfli münasibətlərin davamı üçün zəruri şərtlər artıq qorunmur. Bir sözlə, son dörd ay ərzində iki ölkə arasında siyasi münasibətlərin deqradasiyası bu qərarın əsas səbəbidir", – deyə Lompo bildirib.

O əlavə edib ki, iki dövlət arasında fikir ayrılıqlarının əlamətləri uzun müddətdir müşahidə olunurdu. Xüsusilə, Burkina-Faso hakimiyyəti dəfələrlə Parisin siyasətini tənqid edib, o cümlədən Fransanın kütləvi informasiya vasitələrində ölkədəki hadisələrin işıqlandırılmasını qərəzli hesab edib.

XİN rəsmisi vurğulayıb ki, Fransa ilə diplomatik münasibətlərin kəsilməsinə baxmayaraq, Burkina-Faso dünyaya açıq dövlət olaraq qalır.

"Bu qərar milli maraqlarımızın suveren qiymətləndirilməsinə əsaslanır. O, dialoqa, beynəlxalq əməkdaşlığa və sülhə sadiqliyimizi heç bir şəkildə şübhə altına almır. Biz qarşılıqlı hörmət, qarşılıqlılıq, daxili işlərə qarışmamaq və bərabərlik prinsiplərinə əsaslanan balanslaşdırılmış tərəfdaşlıqlar qurmağa davam edəcəyik", – deyə o bildirib.

Xatırladaq ki, iyunun 27-nə keçən gecə Burkina-Faso hökuməti Fransa ilə diplomatik münasibətlərin kəsildiyini elan edib və Parisi Afrika dövlətinin maraqlarına zidd fəaliyyət göstərməkdə ittiham edib.

Rəsmi bəyanatda Fransa neokolonial siyasət yürütməkdə, bölgədə terror şəbəkələrini dəstəkləməkdə və ölkədə baş verən hadisələri təhrif olunmuş şəkildə təqdim etməkdə günahlandırılıb. Sənəddə qeyd olunub ki, qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və milli suverenliyə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.

Fransa Xarici İşlər Nazirliyi isə Burkina-Fasonun qərarından sonra Parisin mümkün cavab tədbirlərini nəzərdən keçirdiyini açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »