Azərbaycanda verilən ipoteka kreditlərinin həcmi azalıb.
Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 200 milyon manat kredit verilib.
Bizimyol.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, (AMB) bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 33,3 % azalaraq 100,4 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39,4 % azalaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.
- İpoteka kreditlərinin həcmi niyə azalıb?
- Bu azalma ilin sonuna qədər davam edəcəkmi?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, daşınmaz əmlak bazarında qiymət artımı, bu prosesə təsir edən amillər sırasındadır: “İpoteka kreditlərinin həcminin azalmasının bir neçə səbəbi ola bilər. Əsas amillərdən biri İpoteka və Kredit Zəmanət Fondunun maliyyə resurslarının əvvəlki illə müqayisədə azalmasıdır. Xüsusilə istiqraz buraxılışı hesabına cəlb edilən vəsaitin və yenidən maliyyələşdirilən kreditlərin həcminin əhəmiyyətli dərəcədə azalması yeni ipoteka kreditlərinin verilməsinə təsir göstərib. Eyni zamanda, daşınmaz əmlak bazarında qiymət artımı, əhalinin gəlirlərinin mənzil qiymətlərinə uyğun sürətlə artmaması və kredit şərtlərinə cavab verən müraciətlərin sayının dəyişməsi də bu prosesə təsir edən amillər sırasındadır.
Akif Nəsirli həmçinin deyib: “İlin sonuna qədər bu tendensiyanın davam edib-etməyəcəyi Fondun əlavə maliyyə mənbələri cəlb etməsindən, dövlət dəstəyinin həcmindən və ipoteka proqramlarına ayrılan vəsaitdən asılı olacaq. Əgər ilin ikinci yarısında əlavə maliyyələşmə təmin edilərsə və yeni limitlər açıqlanarsa, kreditləşmədə artım müşahidə oluna bilər. Əks halda, hazırkı azalma tendensiyası ilin sonunadək müəyyən dərəcədə davam edə bilər”.
Günel Həsənova, Bizimyol.info






